ABŞ-nin hərbi həkimi Tereza Lonq COVID-19-a qarşı peyvəndləmə ilə hərbi qulluqçuların ölümləri arasındakı ehtimal olunan əlaqəni araşdırır.

"Report" "Politico" nəşrinə istinadən xəbər verir ki, bu barədə Lonq Virciniyada məhkəməyə verdiyi ifadəsində bildirib.

Onun sözlərinə görə, araşdırmanı ABŞ-nin səhiyyə naziri kiçik Robert Kennedi və Pentaqon rəhbəri Pit Heqset başladıb. Səhiyyə nazirinin baş hərbi tibb məsləhətçisi vəzifəsində çalışan Lonq peyvəndlərin əlavə təsirləri üzrə hesabat sistemində qeydə alınan, lakin hələlik peyvəndləmə ilə əlaqəsi təsdiqlənməyən 2 544 hərbi qulluqçunun ölüm halını öyrənir.

Lonq yaxın bir il ərzində peyvəndləmənin ehtimal olunan fəsadları ilə bağlı araşdırmanı başa çatdırmağı planlaşdırdığını bildirib. O həmçinin qeyd edib ki, bilavasitə COVID-19-a qarşı peyvəndləmə ilə əlaqəli olan 28 konkret ölüm halından xəbərdardır, lakin təfərrüatları açıqlamaq üçün icazəsi yoxdur.

2021-ci ildə ABŞ hərbi qulluqçularının məcburi peyvənd olunmasını prezident Co Bayden administrasiyası tətbiq edib.

.