Rusiya Ukraynaya qarşı müharibənin dayandırılması ilə bağlı danışıqlara hazır olduğunu nümayiş etdirmir.

YeniZaman xəbər verir ki, bunu Çexiya Prezidenti Petr Pavel almaniyalı jurnalist Paul Rontshaymerə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Moskva NATO-nun bütün üzvlərini münaqişənin tərəfi hesab edir və onlara qarşı hibrid üsullardan istifadə edir.

“Rusiya bütün NATO-nu münaqişənin tərəfi hesab edir və hətta hamımızı qanuni hədəf elan edir. Hazırda bizə qarşı adi hərbi vasitələrlə deyil, hibrid metodlar, kiberhücumlar və digər üsullarla fəaliyyət göstərir”, – deyə Pavel bildirib.

Çexiya Prezidenti qeyd edib ki, danışıqların başlanması üçün ilk növbədə tərəflərin müzakirələr aparmağa hazır olduqlarına dair ümumi razılıq əldə edilməlidir.

Pavel xatırladıb ki, Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl Rusiya və Ukrayna rəhbərlikləri arasında danışıqların keçirilməsini ən azı altı dəfə təklif edib.

Onun sözlərinə görə, Rusiya isə Ukrayna və Avropanın iştirakı olmadan ABŞ və Çinlə danışıqlar aparılması təşəbbüsü ilə çıxış edib.

.