Keçmiş SSRİ-nin mövcud olduğu 70 il ərzində imperiya rəhbərliyinin qarşıya qoyduğu əsas məqsədlərdən biri kommunizm ideologiyasının tərkib hissəsi olan beynəlmiləlçilik siyasətini həyata keçirmək idi. Bu siyasətin başlıca tələblərindən biri sovet cəmiyyətinin "vahid xalq – vahid dil" prinsipi əsasında formalaşdırılması idi. Bununla SSRİ rəhbərliyi müttəfiq respublikaların xalqlarına milli kimliklərini unutdurmağa, gələcəkdə baş verə biləcək milli-azadlıq hərəkatlarının qarşısını almağa və imperiyanın mövcudluğunu təmin etməyə çalışırdı. Məhz bu məqsədlə ardıcıl şəkildə hədəfə alınan əsas dəyərlərdən biri də milli dillər idi. 1977-ci ildə yeni SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi.
Belə mürəkkəb tarixi şəraitdə Ulu Öndər Heydər Əliyev ana dilimizin yad təsirlərdən qorunması, inkişaf etdirilməsi, saflığının təmin olunması və dövlət dili statusuna yüksəldilməsi istiqamətində böyük siyasi risklər tələb edən qətiyyətli fəaliyyətə başladı. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyev Konstitusiyanın 73-cü maddəsinin aşağıdakı redaksiyada qəbul edilməsini təklif etdi: "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir." 1978-ci il aprelin 27-də isə həmin müddəa Azərbaycan SSR Konstitusiyasına daxil edildi. Ulu Öndərin bu tarixi addımı xalqımızın milli-mənəvi dəyərlərinin qorunması istiqamətində göstərdiyi misilsiz xidmətlərdən biri kimi qiymətləndirilməlidir.
Bu fikirlər Milli Məclisin deputatı Novruzəli Aslanovun aia.az-a verdiyi açıqlamada yer alıb.
Millət vəkili bildirib ki, məhz Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti, qətiyyəti və fədakar fəaliyyəti nəticəsində Azərbaycan dili sovet dövründə unudulmaq və məhv olmaq təhlükəsindən xilas edildi:
"Bir sıra digər ittifaq respublikalarından fərqli olaraq, Azərbaycanda gənc nəslin ana dilində təhsil almasına üstünlük verilməsi də birbaşa Ümummilli Liderin həyata keçirdiyi dil siyasətinin nəticəsi idi. Həmin illərdə Azərbaycan dilində mətbuatın, elm və mədəniyyətin inkişafı istiqamətində mühüm addımlar atıldı. Azərbaycanın görkəmli yazıçıları öz əsərlərini demək olar ki, yalnız ana dilində qələmə aldılar, Azərbaycan Yazıçılar Birliyinin aparıcı mətbu orqanları olan "Azərbaycan", "Ulduz" jurnalları və "Ədəbiyyat və incəsənət" qəzeti Azərbaycan dilində nəşr olundu. Ümummilli Lider bütün rəsmi və qeyri-rəsmi tədbirlərdə Azərbaycan dilində çıxış etməklə ana dilimizə verdiyi yüksək dəyəri nümayiş etdirir, onun ictimai-siyasi nüfuzunun yüksəlməsinə mühüm töhfə verirdi.
Uzun illər sonra, artıq müstəqil Azərbaycanda ana dilimizin tam hüquqlu dövlət dili statusu qazandığı dövrdə Ulu Öndər tarixi çıxışlarının birində belə deyirdi: "Bu gün iftixar hissi ilə deyə bilərik ki, Sovet hakimiyyəti illərində biz Azərbaycan dilini qoruduq, saxladıq və inkişaf etdirdik. Azərbaycan dili bu gün qrammatik quruluşuna, zənginliyinə və digər xüsusiyyətlərinə görə yüksək səviyyədə inkişaf etmiş dillərdən biridir."
Deputat qeyd edib ki, 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin adı ilə bağlı müxtəlif təkliflər irəli sürülmüş, geniş və prinsipial müzakirələr aparılmışdı. Ümummilli Lider Heydər Əliyev 1995-ci il noyabrın 5-də Konstitusiya layihəsini hazırlayan komissiyanın iclasında bu məsələyə qəti münasibət bildirərək demişdi: "Mən hər bir dilə hörmət edirəm və ehtiramımı bildirirəm. Hesab edirəm ki, Azərbaycan dili ilə fəxr edə bilərik. Çünki bu zəngin dildir, artıq dünyada tanınmış dildir. Xalqımızın da, dilimizin də adı tanınıb. Bu reallıqdır."
Novruzəli Aslanov vurğulayıb ki, geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilən Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsində dövlət dilinin Azərbaycan dili olduğu təsbit edildi. Bununla da ana dilimizin qorunması, inkişaf etdirilməsi və zənginləşdirilməsi istiqamətində dövlət siyasəti yeni mərhələyə qədəm qoydu.
"Bu gün artıq bütün dünya bizim doğma ana dilimizi həm də işğaldan azad edilmiş torpaqlarımızdan yüksələn səslərdə eşidir. Azərbaycan dili bu gün müstəqil dövlətimizin qüdrətinin, milli birliyimizin və tarixi Zəfərimizin rəmzlərindən biri kimi yaşayır və inkişaf edir", – deyə Novruzəli Aslanov fikirlərini yekunlaşdırıb.
.
