“Azərbaycan Xalq Cümhuriyyəti dövlət müstəqilliyini elan etdikdən qısa müddət sonra, 1918-ci il iyunun 26-da milli hökumətin qərarı ilə ilk nizami hərbi birləşmə olan Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Bu qərar ölkəmizdə müasir milli ordu quruculuğunun başlanğıcı kimi mühüm tarixi əhəmiyyət daşıyır. Məhz buna görə də Ümummilli Lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən həmin gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edilmiş və bu tarix hər il ölkəmizdə dövlət bayramı kimi qeyd olunur.”
Bu fikirləri Milli Məclisin deputatı Novruzəli Aslanov aia.az-a verdiyi açıqlamasında səsləndirib.
Deputat qeyd edib ki, müasir Azərbaycan Ordusunun təməllərinin formalaşması istiqamətində həlledici addımlar məhz Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti ilə bağlıdır: “Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğal olunmasından və Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra ölkədə milli ordu quruculuğu istiqamətində ciddi fəaliyyət həyata keçirilmirdi. Bunun əsas səbəbi keçmiş SSRİ rəhbərliyinin bu məsələdə maraqlı olmaması idi. Yalnız 1969-cu ildə Ümummilli Lider Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsindən sonra Azərbaycanda hərbi kadr hazırlığı məsələlərinə xüsusi diqqət ayrılmağa başlandı. Ulu Öndər ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə milli maraqlara xidmət edən mühüm təşəbbüslərlə çıxış edib. Onun uzaqgörən siyasəti nəticəsində 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi lisey yaradıldı. Həmin dövrün mürəkkəb siyasi şəraitində belə bir təhsil müəssisəsinin fəaliyyətə başlaması gələcək müstəqil Azərbaycanın hərbi potensialının formalaşmasına verilmiş mühüm töhfə idi. Sonrakı illərdə minlərlə peşəkar zabitin yetişməsində bu təhsil ocağının müstəsna rolu oldu. Eyni zamanda, Ümummilli Liderin təşəbbüsü ilə azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə, Bakı Ali Hərbi Dənizçilik Məktəbinə və keçmiş SSRİ-nin müxtəlif hərbi təhsil müəssisələrinə qəbul imkanları genişləndirildi. Bunun nəticəsində ölkəmiz üçün peşəkar hərbi kadr ehtiyatı formalaşdırıldı. Təəssüf ki, müstəqilliyin ilk illərində ölkədə hökm sürən siyasi qeyri-sabitlik və idarəetmədə yol verilən ciddi nöqsanlar ordu quruculuğu sahəsinə də mənfi təsir göstərmişdi. Lakin 1993-cü ildə xalqın tələbi ilə Ümummilli Lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı bu sahədə dönüş nöqtəsi oldu. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan münaqişəsində atəşkəs əldə edildikdən sonra ölkədə müasir Milli Ordunun formalaşdırılması istiqamətində ardıcıl və sistemli tədbirlərin həyata keçirilməsinə başlanıldı. Ulu Öndər Heydər Əliyevin 1999-cu il fevralın 20-də imzaladığı Fərmanla Hərbi Akademiyanın yaradılması isə hərbi təhsil sisteminin inkişafında yeni mərhələnin əsasını qoydu. Bu ali hərbi təhsil müəssisəsinin təsis edilməsi milli zabit korpusunun formalaşdırılması və peşəkar hərbi kadr hazırlığının keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi baxımından mühüm əhəmiyyət daşıyırdı.”
Deputat çıxışının sonunda vurğulayıb ki, Azərbaycanın hərbi qüdrətinin davamlı şəkildə artması ölkədə uğurla həyata keçirilən ordu quruculuğu siyasətinin məntiqi nəticəsidir: “Azərbaycan Silahlı Qüvvələri öz tarixinin ən şərəfli missiyasını 2020-ci ildə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığı möhtəşəm Qələbə ilə yerinə yetirdi. Bu tarixi Zəfər nəticəsində ölkəmizin ərazi bütövlüyünün böyük hissəsi bərpa olundu. 2023-cü ildə həyata keçirilən tədbirlər nəticəsində isə Azərbaycanın dövlət suverenliyi bütün ərazilərində tam təmin edildi. Hazırda da Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biri olaraq qalır. Ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir hərbi infrastrukturun qurulması, hərbi qulluqçuların sosial rifahının yaxşılaşdırılması, onların mənzil-məişət şəraitinin yüksəldilməsi, eləcə də müdafiə sənayesinin inkişaf etdirilməsi istiqamətində mühüm işlər görülür. Əminliklə demək olar ki, 2003-cü ildən etibarən Azərbaycanda ordu quruculuğu keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu dövrdə Silahlı Qüvvələr dünyanın ən müasir hərbi texnologiyaları və silah sistemləri ilə təchiz olunub, döyüş hazırlığı daha da yüksəldilib. Bu gün Azərbaycan dost və tərəfdaş ölkələrlə müdafiə və hərbi sənaye sahələrində əməkdaşlığı genişləndirərək öz hərbi potensialını ardıcıl şəkildə gücləndirir. Məhz bu səbəbdən Azərbaycan Ordusu təkcə ölkəmizin təhlükəsizliyinin təminatçısı deyil, eyni zamanda regionda sabitliyin, sülhün və təhlükəsizliyin qorunmasında mühüm rol oynayan əsas amillərdən biri kimi çıxış edir” – deyə, Novruzəli Aslanov fikirlərini yekunlaşdırıb.
.
