Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı iki ölkə arasında münasibətlərdə mürəkkəb mərhələnin başa çatdığını göstərən mühüm siqnal oldu. Bu, həm də Azərbaycan diplomatiyasının yüksək peşəkarlığını təsdiqləyən müsbət göstəricidir.

Təyyarəmizlə bağlı baş vermiş faciədən sonra Azərbaycan ilə Rusiya arasında yaranmış gərgin vəziyyət üzərində ətraflı dayanmaq istəmirəm. Qoy bu hadisələr artıq keçmişdə qalsın. Yalnız onu qeyd edim ki, Bakı, mənim də dəfələrlə vurğuladığım kimi, bu prosesdə ən yüksək diplomatik məharət nümayiş etdirdi. Təmkin, prinsipial mövqe və milli maraqların ardıcıl müdafiəsi yaranmış mürəkkəb vəziyyətin ləyaqətlə tənzimlənməsinə imkan verdi.

Bu gün Azərbaycan bütün dünyada hörmətlə yanaşılan dövlətdir. Rəsmi Bakının tövsiyələri, qərarları, bəyanatları və siyasi addımları beynəlxalq ictimaiyyət tərəfindən böyük diqqətlə izlənilir. Bunun əsas səbəbi ondan ibarətdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan heç vaxt praqmatik hesablamalara, milli maraqlara, eyni zamanda dost və tərəfdaşlarının mənafelərinə söykənmədən qərar qəbul etmir.

Azərbaycan rəhbərliyinin qəbul etdiyi hər bir qərar hörmətə layiqdir. Müstəqillik illəri ərzində sonradan yanlış hesab edilə biləcək hər hansı qərarı xatırlamıram. Vaxtilə Azərbaycanın Bişkek sazişini imzalamasını tənqid edənlər çox idi. Lakin bu gün həmin addımın nə qədər müdrik və uzaqgörən qərar olduğu artıq hamıya aydındır. Ümummilli Lider Heydər Əliyev populizmə uymadı və ölkə üçün həyati əhəmiyyət daşıyan qərar qəbul etdi. O zaman bunu məğlubiyyətin etirafı kimi qiymətləndirənlər vardı. Əslində isə bu, praqmatik hesablamaya əsaslanan və gələcək Böyük Zəfərin təməlini qoyan addım idi.

Eyni fikri Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən qəbul edilmiş digər qərarlar haqqında da söyləmək olar. Həmin qərarların hər biri Azərbaycanın güclənməsinə və beynəlxalq mövqelərinin möhkəmlənməsinə xidmət edib. Onların hər biri hədəfə dəqiq hesablanmış addım olub. Üstəlik, bu qərarlar təkcə ölkəmizin deyil, həm də qonşularımızın, dostlarımızın və tərəfdaşlarımızın maraqlarına xidmət edib. Azərbaycan xarici siyasətinin əsas üstünlüklərindən biri də məhz budur – öz milli maraqlarını təmin etməklə yanaşı, dost dövlətlərin problemlərinin həllinə də töhfə vermək.

Bu reallığı bu gün demək olar ki, hər kəs qəbul edir. Bakı hansı qərarı qəbul edirsə-etsin, artıq onu qeyri-səmimi davranışda və ya gizli niyyətlərdə ittiham etmək mümkün deyil. Yalnız ənənəvi olaraq Azərbaycana qarşı qərəzli mövqe tutan dairələr istisna təşkil edir. Buna misal olaraq, Azərbaycanın müraciətindən sonra İsrail Knessetinin gündəliyindən qondarma "erməni soyqırımı"nın tanınması məsələsinin çıxarılmasını erməni kilsəsinin mənfi qarşılamasını göstərmək olar. Erməni millətçiləri bundan ciddi narazı qaldılar, Azərbaycan isə diplomatik nüfuzunu bir daha nümayiş etdirdi.
Qondarma "erməni soyqırımı" mövzusu uzun illərdir ki, Türkiyəyə siyasi təzyiq vasitəsi kimi istifadə olunur. Ermənistanın hazırkı rəhbərliyi faktiki olaraq bu narrativdən imtina edərək onun araşdırılmasını tarixçilərin ixtiyarına buraxıb. Bu gün isə həmin mövzunu əsasən erməni diasporu və kilsəsi gündəmdə saxlamağa çalışır. Belə təəssürat yaranır ki, onların məqsədi "erməni soyqırımı"nı XX əsrin ilk belə faciəsi kimi təqdim etməkdir. Mənim fikrimcə, burada məsələ təkcə Türkiyə ilə bağlı deyil. Daha çox bu hadisəni Holokostdan üstün göstərmək və dünya ictimaiyyətinin diqqətini maksimum dərəcədə ona yönəltmək cəhdləri müşahidə olunur. Bu yanaşmanı məntiqlə izah etmək olduqca çətindir.

Erməni millətçiləri Azərbaycanı guya İsrailin qondarma "erməni soyqırımı"nı tanımasına mane olmaqda ittiham edirlər. Məncə, bunu başqa cür ifadə etmək daha doğru olar: Bakı siyasi konyunktura və emosional yanaşmalar üzərində qurulmuş tarixi ədalətsizliyin qarşısının alınmasına kömək edib. Azərbaycan bu missiyanı layiqincə yerinə yetirib.

Bəziləri İsrailin Azərbaycanın mövqeyinə qulaq asmasını təəccüblə qarşılayır. Halbuki burada qeyri-adi heç nə yoxdur. Ölkələrimizi qarşılıqlı etimad və hörmətə əsaslanan uzunmüddətli tərəfdaşlıq münasibətləri birləşdirir. Azərbaycan regionda sabitliyin qorunmasında səmimi maraqlıdır, Knessetin mümkün qərarı isə əlavə gərginlik yarada bilərdi. Məhz buna görə də Bakının mövqeyi anlayışla qarşılandı. Şəxsən məni daha çox nəticənin əldə olunmaması təəccübləndirərdi. Çünki Azərbaycan diplomatiyası ənənəvi olaraq yüksək səmərəliliyi ilə seçilir.

Xatırlatmaq istərdim ki, Azərbaycan dəfələrlə Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşmasına vasitəçilik edib. Bunun üçün 2010-cu ildə Qəzza zolağı sahillərində baş vermiş "Mavi Mərmərə" insidentindən sonra yaranmış böhranı xatırlamaq kifayətdir. Eyni şəkildə Azərbaycan 2015-ci ildə Türkiyə-Suriya sərhədində Rusiya təyyarəsinin vurulmasından sonra Türkiyə ilə Rusiya arasında münasibətlərin bərpasına da öz töhfəsini verib.

Azərbaycan hər zaman sülhün və əməkdaşlığın tərəfində olub və bu gün də həmin mövqeyə sadiqdir. Ən kiçik imkan yarandığı halda belə ölkəmiz həmişə mehriban qonşuluq siyasətini seçir. Buna misal olaraq, hələ yaxın keçmişdə işğalçı dövlət olmuş Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində Bakının həyata keçirdiyi siyasəti göstərmək olar.

Azərbaycan təkcə vasitəçi kimi çıxış etmir, eyni zamanda qarşıdurma yaşayan tərəflərin danışıqları üçün öz ərazisini təqdim edir və bu zaman tam neytral mövqe nümayiş etdirir. Regionun və dünyanın əksər dövlətləri ilə konstruktiv münasibətlər quran, sabit, müstəqil və sülhpərvər ölkə kimi Azərbaycan təbii şəkildə nüfuzlu beynəlxalq danışıqlar platformasına çevrilib. Bu gün Bakıda belə görüşlərin keçirilməsi artıq tamamilə normal və məntiqli bir təcrübə kimi qəbul olunur.
Bu baxımdan Prezident İlham Əliyevin Berlində keçirilən mətbuat konfransında səsləndirdiyi fikir xüsusi diqqət çəkdi. Dövlət başçısı bildirdi ki, Rusiya və Almaniyanın yüksək vəzifəli nümayəndələrinin Bakıda keçirilən görüşü barədə Azərbaycan rəhbərliyi əvvəlcədən məlumatlandırılmayıb.

Bu fakt onu göstərir ki, beynəlxalq ictimaiyyət artıq Azərbaycanı müstəqil və neytral danışıqlar platforması kimi qəbul edir. Rusiya və Almaniya nümayəndələri mühüm məsələləri müzakirə etməyə ehtiyac duyduqda, sadəcə Bakıya gəlirlər. Başqa ölkələrdə belə təmaslar müxtəlif siyasi suallar doğura biləcəyi halda, Azərbaycan, sanki İsveçrə kimi, açıq və etibarlı dialoq məkanına çevrilib.

Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, əgər belə görüşlər Rusiya-Ukrayna münaqişəsinin dayandırılmasına və sülhün bərqərar olmasına töhfə verəcəksə, Azərbaycan onların keçirilməsini yalnız alqışlaya bilər.

Xatırlatmaq lazımdır ki, NATO nümayəndələri ilə Rusiya Baş Qərargahının təmsilçiləri arasında keçirilən görüşlər də dəfələrlə məhz Bakıda baş tutub. Azərbaycan tərəfi həmin danışıqlarda iştirak etməyib, yalnız neytral platforma təqdim edib və tərəflər arasında konstruktiv dialoqun aparılması üçün şərait yaradıb.

Beləliklə, Azərbaycan həm beynəlxalq münaqişələrin nizamlanması, həm də qarşıdurma yaşayan tərəflər arasında səmərəli dialoq üçün şərait yaradılması sahəsində zəngin təcrübəyə malikdir. Neytral vasitəçilik diplomatiyanın ən mürəkkəb istiqamətlərindən biridir və buna yalnız həqiqətən suveren, güclü, ədalət və beynəlxalq hüquq prinsiplərinə ardıcıl şəkildə sadiq qalan dövlətlər nail ola bilirlər.

.