
"Yeni Zaman" Partiyasının Xocalı soyqırımının 30 illiyi ilə bağlı bəyanatı.
"XX əsrin ən dəhşətli faciələrindən biri, bəşəriyyətə və insanlığa qarşı törədilmiş ağır cinayət olan Xocalı soyqırımından 30 il ötür.
Ermənistanın tarix boyu azərbaycanlılara qarşı yürütmüş olduğu etnik təmizləmə və soyqırım siyasəti nəticəsində yüz minlərlə dinc insan kütləvi surətdə qətlə yetirilmiş, öz torpaqlarından didərgin salınmışdır.
Cəzasızlıq mühitindən daha da azğınlaşan erməni silahlı birləşmələrinin Azərbaycanın yaşayış məntəqələrində törətmiş olduğu qətliamlardan ən dəhşətlisi Xocalı şəhərində baş vermişdir.
Xocalıda əhalinin vəhşicəsinə kütləvi qırğını Qarabağ bölgəsinin işğalı üçün həyata keçirilən hərbi təcavüz zamanı doğma torpağının müdafiəsinə qalxmış xalqımızı sarsıtmaq və onun mübarizə əzmini qırmaq niyyəti ilə törədilmişdir.
XX əsrin sonunda bütün dünyanın gözü qarşısında baş verən, qəddarlığı və amansızlığı ilə seçilən Xocalı soyqırımı təcavüzkar siyasətin ən qanlı və yaddaşlardan silinməyən səhifəsidir. 30 il bundan əvvəl - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndidə yerləşən sovet ordusundan qalmış 366-cı motoatıcı alayın hərbçiləri və ağır texnikasının iştirakı ilə Xocalı şəhərinə hücum edərək şəhəri yerlə-yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdıldı, yandırıldı və insanlar xüsusi amansızlıqla qətlə yetirildi.
Xocalı şəhərində həyata keçirilən bu soyqırımı nəticəsində rəsmi rəqəmlərə görə, 613 nəfər öldürüldü. Onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qoca idi. 8 ailə tamamilə məhv edilmişdi. Bundan əlavə, 1275 nəfər əsir götürüldü, 150 nəfərin taleyi indiyə kimi məlum deyil. Bu soyqırımı zamanı mülki insanlar, o cümlədən qadınlar və uşaqlar xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirilmiş, başları kəsilmiş, yaxud başlarının dərisi soyulmuş, gözləri çıxarılmış, hamilə qadınlar süngü ilə dəlik-deşik edilmişdi. Xəsarət alanlardan 487 nəfəri şikəst olub ki, onlardan 76 nəfəri azyaşlıdır.
Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində bir sıra beynəlxalq sənədlərin, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarının, “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanın, “İşgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiya”nın, “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyanın, “Uşaq hüquqları haqqında” Konvensiyanın və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın tələbləri kobud şəkildə pozulmuşdur.
Xocalı soyqırımı kimi dəhşətli cinayətlər cəzasız qalmamalıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin azərbaycanlıların soyqırımının dünyada tanıdılmasına yönəlmiş tədbirlər həyata keçirməsi hər bir soydaşımız üçün nümunə olmalıdır. Hər bir azərbaycanlı, xüsusən də Azərbaycanın hüdudlarından kənarda yaşayan hər bir soydaşımız insanlığa qarşı cinayət hesab olunan Xocalı soyqırımı, eləcə də erməni faşistlərinin xalqımızın başına gətirdikləri digər vəhşiliklər barədə dünya ictimaiyyətini məlumatlandırmalıdır.