Moldova Prezidenti Maya Sandunun Avropa Şurası Parlament Assmbleyasında çıxışı zamanı Gürcüstanla bağlı səsləndirdiyi bəyanat Tbilisidə narazılıqla qarşılanıb.

Sandu çıxışında Rusiyanın müharibə qorxusunu alət kimi istifadə edərək Gürcüstanı öz orbitinə qaytardığını bildirib.

Moldova liderinin səsləndirdiyi fikirlərə münasibət bildirən Gürcüstan parlamenti sədrinin birinci müavini Gia Volski deyib ki, Maya Sandunun bəyanatları heç bir dəyər kəsb etmir.

“Sandunun öz ölkəsində dəstəyi yoxdur, siyasi vəziyyət isə olduqca ağırdır. Ağlasığmaz miqyaslı korrupsiya Moldovanı içindən dağıdır. Moldovada mövcud yoxsulluq səviyyəsi ölkədə iqtisadi vəziyyətin nə vaxtsa yaxşılaşacağına ümid vermir. Belə bir vəziyyətdə Sandu bizim ünvanımıza ədəbsiz bəyanatlar səsləndirməyə vaxt tapır”, - vitse-spiker əlavə edib.

Digər vitse-spiker Nino Tsilosani isə öz növbəsində bildirib ki, Maya Sandu Gürcüstanı tənqid etmək üçün imkanı heç zaman əldən vermir.

“Sandu öz dövlətini ləğv edib Rumıniyaya birləşdirəcəyini açıq şəkildə bəyan edə bilən bir ölkənin prezidentidir. Hamıya onun hansı ideoloji orbitdə olduğu yaxşı məlumdur. Biz onun tənqidini qəbul edə bilmərik, çünki tənqidləri legitim deyil”, - Tsilosani deyib.

.