Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı 3 tərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 20-də Ağdam rayonuna daxil olub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Ağdam rayonundan foto və video materiallar gün ərzində təqdim olunacaq.

Ağdam rayonu artıq erməni işğalından azad olunub. 

Qeyd edək ki, Ağdam 1993-cü ilin 23 iyul tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. 

Sahəsi 1150 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ermənilər Ağdam rayonu ərazisinin 846,7 kvadrat kilometrini, yəni ümumi ərazisinin 77,4 faizini işğal etməyə nail olublar.

Rayonun 202 200 nəfər əhalisi var. Hazırda məcburi köçkün həyatı yaşayan əhali respublikanın müxtəlif şəhər və rayonlarında məskunlaşıb.  

İşğaldan əvvəl Ağdamda 54 tibb müəssisəsi, 79 mədəniyyət ocağı fəaliyyət göstərirdi. 

2008-ci ildə “Lonely Planet” jurnalı Ağdamı “Qafqaz Hiroşiması” adlandırıb. 2010-cu ildə “Əl-Cəzirə” Ağdamı “ruhlar şəhəri” siyahısına salıb.

.