Azərbaycanda sosial-iqtisadi tərəqqinin davamlı şəkildə təmin olunması və ixracyönümlü iqtisadi modelin möhkəmləndirilməsi məqsədilə yeni yanaşmaları özündə birləşdirən sənəd işlənib hazırlanıb.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Vergi sistemində gələcəyə baxış: Yeni idarəetmə modeli və data əsaslı qərarlar" Forumunda bildirib.
"Sənəddə sahəvi qurumların öz fəaliyyət istiqamətləri üzrə inkişaf göstəricilərinə görə məsuliyyətlərinin artırılması, monetar və fiskal qərarların sosial-iqtisadi inkişafa olan təsirinin, eləcə də mümkün mənfi nəticələrinin dəyərləndirilməsi məqsədilə analitik təhlillərin həyata keçirilməsi kimi yanaşmalar öz əksini tapıb", - nazir qeyd edib.
M. Cabbarov vurğulayıb ki, sənəddə eyni zamanda ixracyönümlü iqtisadiyyatın formalaşdırılması üçün kredit resurslarına çıxış imkanlarının genişləndirilməsi və digər innovativ mexanizmlər də nəzərdə tutulub:
"Bu sənədin ilkin müzakirəsi ötən həftə İqtisadi Şura çərçivəsində keçirilib. Qeyri-neft-qaz məhsullarının yeni bazarlara ixrac olunması və mövcud bazarlarda mövqelərin daha da möhkəmləndirilməsi üçün ticarət fəaliyyətində güzəştli rejimlərin əhatə dairəsinin genişləndirilməsi zəruridir. Bu kontekstdə Ələt İqtisadi Zona tərəfindən yaradılan imkanlardan daha aktiv şəkildə yararlanma planlaşdırılır".
Nazir həmçinin əlavə edib ki, qarşıdakı illərdə sənaye parklarının və mövcud infrastruktur potensialından daha geniş miqyasda istifadə olunması da prioritet istiqamətlər sırasındadır.
.
