Bu il iyulun 1-i tarixinə Azərbaycan Respublikasının dövlət borcu (daxili və xarici dövlət borcu) 23.830,6 milyon manat və ya 2026-cı il üzrə 130.873,5 milyon manat məbləğində proqnozlaşdırılan Ümumi Daxili Məhsulun (ÜDM) 18,2 faizini təşkil edib.
"APA-Economics" bu barədə Maliyyə Nazirliyinin "2026-cı ilin I yarımili üzrə dövlət borcu və dövlət zəmanətli borca dair Statistik Bülleten"inə istinadən xəbər verir.
Belə ki, ümumi dövlət borcunun 7.848,6 milyon manatı (4.616,8 milyon ABŞ dolları) və ya 32,9 faizi xarici dövlət borcunun, 15.982,0 milyon manatı və ya 67,1 faizi daxili dövlət borcunun payına düşür.
İyulun 1-nə Strategiyada nəzərdə tutulan faiz dərəcəsi riskinin məqbul səviyyədə saxlanılması məqsədilə dəyişkən faizli borcun ümumi borc portfelində payının 50 faizi keçməməsi üzrə yuxarı hədd 2026-cı ilin birinci yarımili ərzində gözlənilib. Dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər ümumi borc portfelinin 16,3 faizini təşkil edib.
Strategiyada nəzərdə tutulan ümumi dövlət borcuna xidmət xərclərinin dövlət büdcəsi xərclərinin 10 faizindən artıq olmaması üzrə yuxarı hədd 2026-cı ilin birinci yarımili ərzində gözlənilib. Belə ki, dövlət borcuna xidmət xərclərinin dövlət büdcəsi xərclərinə nisbəti 5,6 faiz təşkil edib.
.
