
Aleksandr Lukaşenko ABŞ ilə dialoqun yaxşılaşması fonunda Avropa ilə münasibətləri bərpa etməyə çalışır.
Bu barədə "Reuters" məlumat yayıb.
Agentliyin məlumatına görə, yüksək vəzifəli belaruslu diplomat sentyabrın sonunda Avropa nümayəndələrinə dəvətlər göndərdikdən sonra onlarla bir sıra görüşlər keçirib.
Avropa diplomatları bu addımı Belarusun siyasi təcriddən çıxmaq cəhdi kimi qiymətləndirib. Bu, xüsusilə Donald Trampın hakimiyyətə gəlməsi ilə Vaşinqtonla münasibətlərin yaxşılaşdığı dövrdə baş verir.
Mart ayında Vatikanda səfir təyin olunan Belarusun keçmiş xarici işlər nazirinin müavini Yuri Ambrazeviç indi Qərbi Avropa paytaxtları ilə diplomatik təmasların qeyri-rəsmi koordinatoru rolunu oynayır.
Diplomatlardan birinin sözlərinə görə, Ambrazeviç bildirib ki, Belarus siyasi təcriddən çıxmağa can atır və Rusiya ilə Ukrayna arasında sülh danışıqlarında vasitəçi rolunu oynaya bilər.
Qeyd edək ki, 2020-ci il prezident seçkilərindən sonra Belarusa qarşı tətbiq olunan sanksiyalar 2022-ci ildə Minsk Rusiyanın Ukraynaya qarşı müharibəsinə dəstək verdiyinə görə daha da sərtləşdirilib.
.