"Prezident İlham Əliyevin çıxışışını Azərbaycanın həm daxili, həm də xarici siyasətinin növbəti konturlarını müəyyən edən bir çıxış kimi qiymətləndirirəm".
Bunu İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışından danışan siyası şərhçi Şakir Ağayev bildirdi.
O qeyd etdi ki, dövlət başçısı çıxışında Azərbaycanın keçdiyi yoldan, 35 il ərzində əldə etdiyi nailiyyətlərdən və qazandığı uğurlardan geniş danışıb:
"Ölkə başçısı haqlı olaraq qeyd edib ki, heç kim Azərbaycana diktə edə bilməz və ölkəmizin daxili işlərinə qarışa bilməz. Əgər belə bir addım atılarsa, Azərbaycan bunun qarşısında qətiyyətli mövqe nümayiş etdirəcək. Bu, tamamilə haqlı siyasət və haqlı mövqedir. Ölkə başçısı bununla göstərib ki, kimliyindən asılı olmayaraq, dost və ya düşmən, yaxın və ya uzaq, regional və ya qeyri-regional tərəf olmasından asılı olmayaraq, heç kimin Azərbaycanın daxili işlərinə qarışmağa ixtiyarı və hüququ yoxdur. O, məhz bunu vurğulayıb.
Çünki Azərbaycan öz inkişaf yolunu seçib. Ölkə başçısı Azərbaycanı regionda sabitlik adası adlandırıb. Bu, həqiqətən də belədir. Ətrafımıza baxsaq, hər yerdə müharibə, od-alov hökm sürür. Amma Azərbaycan müharibəni qələbə ilə başa çatdırıb, torpaqlarını işğaldan azad edib və bu gün sabit inkişaf yolunu seçərək regionda yeni reallıqlar yaradıb. Azərbaycan regiona sülh gətirib və bu yolu davam etdirmək üçün mühüm addımlar atır”.
Politoloq nəzərə çatdırdı ki, ölkə başçısı eyni zamanda ikili standartlardan danışıb və haqlı olaraq bu məsələyə toxunub:
“O, fikirlərini yalnız sözlərlə ifadə etməyib, onları konkret faktlarla təsdiqləyib. Baxın, Ermənistan 30 il ərzində Azərbaycan torpaqlarını işğal edəndə, Azərbaycana qarşı soyqırımı siyasəti yürüdəndə, ölkəmizin yeraltı və yerüstü sərvətlərini talayanda, mədəniyyət abidələrini dağıdanda, o cümlədən 65 məscidimizi məhv edəndə heç bir ölkə Ermənistana qarşı sanksiya tətbiq etmədi. Hətta Ermənistanın xətrinə dəymək belə istəmirdilər. Təsəvvür edin ki, işğalçı ölkə ilə işğala məruz qalan ölkəni eyni səviyyədə tuturdular. Təəssüf ki, bəzən işğalçı ölkəni daha çox müdafiə edirdilər. Azərbaycan 30 il ərzində bu münasibətin şahidi olub. Ölkə prezidenti də uzun illərdir bu haqsızlığa qarşı mübarizə aparır.
Azərbaycan bu ikili standartları dəfələrlə görüb. Ölkə başçısı çıxışında İran və Rusiyaya qarşı tətbiq edilən sanksiyaları da xatırladıb və Ermənistanın işğalçılıq siyasətinə baxmayaraq, ona qarşı heç bir sanksiyanın tətbiq edilmədiyini vurğulayıb. Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra da ölkəmizə qarşı qərəzli münasibət davam edir. Bu gün də Avropa Parlamentində, Avropa İttifaqında, Avropa Şurasında və digər qurumlarda Ermənistanın xeyrinə, Azərbaycana qarşı haqsızlıq ehtiva edən qətnamələr qəbul edilir. İkili standartlar bu gün də davam edir. Bu çıxışda çox mühüm məqamlara toxunulub. Bu çıxış bir daha sübut etdi ki, Azərbaycanın beynəlxalq nüfuzu nə qədər artıb. 44 günlük Vətən müharibəsindən və antiterror əməliyyatından sonra Azərbaycan təkcə regionda deyil, beynəlxalq aləmdə də hesablaşılması vacib olan bir gücə çevrilib”.
Ş.Ağayevin sözlərinə görə, Azərbaycan Prezidentinin beynəlxalq nüfuzu da artıb:
“İlham Əliyev beynəlxalq aləmdə söz sahibi olan siyasi xadimə çevrilib. Məhz bu çıxış bir daha sübut etdi ki, heç kim Azərbaycanın daxili işlərinə qarışmağa cəhd etməməlidir. Belə bir hal baş verərsə, Azərbaycan dövləti, hakimiyyəti və xalqı vahid mövqedən çıxış edəcək, ölkəmizin işlərinə qarışmağa çalışanlara qarşı birgə mübarizə aparacaq. Bunu son dövrlərdə qardaş Türkiyədə Azərbaycana qarşı haqsız münasibət sərgiləyən bəzi şəxslərin mövqeyində də gördük. Hətta ən yaxın dostumuz, qardaşımız və müttəfiqimiz olan Türkiyədə bəzi şəxslər Azərbaycana qarşı haqsız mövqe sərgiləyəndə belə, Azərbaycanın maraqları naminə dövlət və xalq vahid mövqedən çıxış edir”.
.
