Keçən gecə 7-dən 77-yə hər kəsin diqqəti Braziliyanın "Estadio Mineyro" stadionuna yönəlmişdi. Dünya futbolunun ən zəngin tarixə malik iki ölkəsinin milli komandası DÇ 2014-ün ilk finalçısını müəyyən etmək uğrunda görüşürdü. Əvvəlki mərhələləri sensassiyalarla zəngin olan DÇ 2014-ün yarımfinalçıları sırasında yer alan milli komandalar daha böyük sürprizə imkan vermədi. Hər dörd milli- üç dəfə final oynamış Hollandiya, ikiqat dünya çempionu Argentina, kuboku üç dəfə vətəninə aparmış Almaniya və DÇ-nin baş mükafatını hamıdan çox 5 dəfə başı üzərinə qaldıran ev sahibi Braziliyanın bu mərhələyədək gələcəyi gözlənilən idi. Lakin dünənki hesab nəinki Kosta-Rika, Belçika və Kolumbiyanın 1/4 finaladək gəldiyi, İtaliya, İngiltərə və İspaniyanın qrupda qaldığı hazırki çempionatın, ümumilikdə 1930-cu ildən bəri davam edən Dünya çempionatları tarixinin ən böyük sürprizi idi. Bəli, "pentakampeon"ların oyun öncəsi ciddi itkiləri vardı. Komandanın iki əsas futbolçusu Neymar və Tiaqo Silva oynamırdı. Braziliyanın hazırki heyyəti də heç də dünya çempionu adına yiyələndiyi illərdəki kimi deyildi. Real yanaşıb uzağa getmədən 2002-ci ildəki heyətlı müqayisə etsək nə Sezar Markos idi, nə David Luiz Roberto Karlos, nə Oskar Ronaldinyo, nə də Neymar Ronaldo idi. Ancaq oyun öncəsi çətin ki, kimsə belə bir nəticənin qeydə alınacağını şüurlu surətdə irəli sürə bilərdi.
Meksikalı referinin fitindən dərhal sonra Yoahim Lövün kuboka ac komandası xoşbəxtliyi rəqib qapısı qarşısında axtarmağa başladı ki, qol da özünü cəmi 11 dəqiqə gözlətdi. Bu qol oyunu istər meydançadan, istərsə də televiziya qarşısından izləyən milyonlarla, bəlkə də milyardlarla tamaşaçıda intriqalı, bol qollu oyun olacağı təəssüratı oyatdı.Bəli, qolların sayı kifayət qədər idi, lakin sən saydığını say, gör almanlar necə sayır. Oyunun üçüncü on dəqiqəsində Sezarı daha dörd dəfə topu qapıdan çıxarmağa vadar edən almanlar bununla dünya futbol tarixinin ən ağlasığmaz nəticələrindən birinə imza atmaqda idi. Lakin, bu da son deyildi, qarşıda sosial şəbəkələrdə "caps" olan Sezarı ikinci hissədə hələ daha iki dəfə topu mərkəzə yola salma vəzifəsi gözləyirdi. Gənc Şürlee vurduğu daha iki qol ilə braziliyalıların tarixi ərzində ən rüsvayçı məğlubiyyətini rəsmiləşdirmiş oldu. Oskarın son dəqiqələrdə vurduğu qol belə, qapıdan keçən topların sayına görə qeydə alınan anti-rekorda mane ola bilmədi. Tarixində ilk dəfə qapısından yeddi top buraxan Braziliya millisi illər öncə Uruqvay millisi ilə görüşdə qeydə alınan 0-6 hesablı məğlubiyyətin səbəb olduğu anti rekordu buraxılan top sayında "yenilədi".
Çempionat başlamamışdan öncə bir çox bukmeykerlərin proqnozları almanların bu çempionatın ən az finalınadək gələcəyini vurğulayırdı. Son 12 ildə mütəmadi olaraq istər AÇ, istərsə də DÇ-nin ən güclü dörd komandası sırasına düşməyi bacaran almanlar bu dünya çempionatının da əsas favoritləri arasında idi. 2002-ci ildə Yaponiya və Koreyada keçirilən Dünya çempionatında Rudi Föllerin çalışdırdığı yığma finaladək gəlsə də, Braziliyaya məğlub olaraq turniri ikinci sırada başa vurmalı olmuşdu. 2004-cü il Avropa çempionatında Portuqaliyada uğursuzluq yaşayan almanlar 2006-cı il dünya çempionatını vətənində qəbul edirdi. Yurgen Klinsmannın rəhbərlik etdiyi milli yarımfinaladək gəlsə də, bu mərhələdə gözlənilmədən gələcək dünya çempionu İtaliya yığma komandasına məğlub olaraq, ümidini üçüncülüyə bağlamış və Portuqaliya səddini keçərək bürünclə təsəlli tapmışdı. 2008-ci ildə isə Avropa çempionatının finalınadək gəlməyi bacaran Yoahim Lövün yetirmələri burada İspaniyaya minimal hesabla yenilərək, yenə baş mükafata həsrət qaldı. 2010-cu il dünya çempionatı da gözlənilənləri tam doğrultmadı və yenə də almanlar üçüncü pilləni sözün mənfi məcazında güzəştə getmədi. Son Avropa çempionatı da baş mükafat baxımından əlamətdar olmadı və yenə də 6 il əvvəl olduğu kimi İtaliya səddinə ilişdi. Bütün bu uğursuzluqların daşı isə, obrazlı yanaşsaq Braziliyanın başında çartladı. Latın Amerikasına tam kompleksləşmiş heyətlə yollanan Yoahim Lövün Almaniya millisi bütün məğlubiyyətlərin heyfini sanki "sambaçılardan" çıxdı.
Məşhur ingilis futbolçusu Harrı Linnekerin ifadəsi indiyədək bir qədər mübaliğəli təəssürat oyadırdısa, Braziliyanın "Estadio Mineyro" faciəsi ifadənin həqiqiliyinə qeyri-ixtiyarı inam yaratdı.(Çünki ötən gecəki oyunda meydançada sanki bir komanda var idi; Almaniya. Baxmayaraq ki, rəqib futbolun flaqmanı Braziliya idi) Bəli, "futbolu 22 nəfər oynayır, lakin sonda almanlar qazanır".
Sahib Əsədbəyli
.
