
Yaxın bir həftə ərzində erməni icması Laçın şəhərinə daxil olmadan yeni alternativ yoldan istifadə edərək Xankəndinə hərəkət edə biləcək.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.
Onun sözlərinə görə, Agentlik ölkə başçısının tapşırığına əsasən verdiyi vədə vaxtından əvvəl əməl edib və alternativ yolun Azərbaycan ərazisindən keçən 22 km-lik hissəsi artıq hazırdır: “Məlumdur ki, əvvəllər Ermənistandan Xankəndinə gedən avtomobil yolu Laçın şəhərinin mərkəzindən keçirdi. Ölkə başçısının göstərişi və tapşırığı ilə qısa müddətdə, 10 ay ərzində 22 km-i Azərbaycan, 10 km-i Ermənistan ərazisində keçməklə Laçın şəhərinə daxil olmadan yeni alternativ yol çəkildi.
Bu gün Agentlik ölkə başçısının tapşırığına əsasən verdiyi vədə vaxtından əvvəl əməl edib. 2022-ci ilin 15 avqust tarixində alternativ yolun Azərbaycan ərazisindən keçən hissəsi hazır olub. Qarabağda yaşayan erməni icmasının xahişi ilə Ermənistan tərəfi 10 km yolu hələ də başa çatdırmadığı üçün biz 4,8 km-lik birləşdirici yolun da çəkilişini həyata keçirmişik”.
Saleh Məmmədov onu da deyib ki, bu gün işğaldan azad olunmuş ərazilərdə yol çəkilişlərində beş Türkiyə şirkəti və AAYDA-nın öz təsərrüfatları iştirak edir.
.