Avropa Komissiyası Yaxın Şərqdəki böhran fonunda enerji daşıyıcılarının qiymət artımının qarşısını almaq üçün Avropa İttifaqı (Aİ) ölkələrini qaz anbarlarının doldurulması üzrə hədəfləri azaltmağa çağırıb.

"Financial Times" verdiyi məlumata görə, müvafiq tövsiyələr Aİ-nin energetika məsələləri üzrə komissarı Dan Yorgensenin Aİ ölkələrinin energetika nazirlərinə ünvanladığı məktubunda öz əksini tapıb.

Sənəddə qeyd olunub ki, ABŞ, İsrail və İran arasındakı müharibənin səbəb olduğu tədarüklə bağlı gərgin vəziyyət fonunda ölkələrə çeviklik nümayiş etdirmək və anbarların doldurulması üzrə hədəf səviyyəsini 90 %-dən 80 %-ə endirmək təklif olunur. Həmçinin, əlverişsiz bazar konyunkturası şəraitində bu göstəricinin 75 %-ə qədər azaldılması da mümkündür.

D.Yorgensen yayın sonunda qiymətlərin daha da artmasına səbəb ola biləcək "ajiotajlı tələbat"ın qarşısını almaq üçün qaz alışlarını sürətləndirməməyi və ehtiyatları tədricən doldurmağı tövsiyə edib. Bununla yanaşı, hədəf göstəricilərinə nail olmaq üçün son müddətin dekabrın 1-nə keçirilməsi təklif olunur.

Nəşrin məlumatına görə, Brüsseldə ehtiyat edirlər ki, Aİ ölkələrinin əvvəlki normativləri tez bir zamanda yerinə yetirmək istəyi bazara təzyiqi artıra bilər. Elə bu həftə Yaxın Şərqdə enerji infrastrukturuna edilən hücumlardan sonra Avropada qazın qiyməti 21,5 % artıb.

Məktubda həmçinin vurğulanıb ki, təchizatda nisbi sabitliyə baxmayaraq, vəziyyət gərgin olaraq qalır və Qətərdən mayeləşdirilmiş qaz ixracının bərpası daha çox vaxt apara bilər.

.