“Azərbaycan ərazilərinin azad olunması itkin düşmüş şəxslərin axtarışı üçün yeni imkanlar yaradıb. Edili və Fərruxda kütləvi məzarlıqlar aşkarlanıb. İkincisi, münaqişə bitib və Azərbaycan Ermənistanla itkin düşmüş şəxslərlə bağlı da danışıqlar aparır. Brüsseldə danışıqların gündəliyinə itkin düşmüş şəxslərlə bağlı məsələ də daxil edilib”.

Bunu bu gün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və Beynəlxalq Qızıl Xaç Komitəsinin təşkilatçılığı ilə Beynəlxalq İtkinlər Gününə həsr edilmiş “İtkin düşmüş şəxslərin şəxsiyyətinin müəyyən edilməsi – Humanitar yanaşma” mövzusunda konfransda Prezident Administrasiyasının sektor müdiri Həbib Mikayıl bildirib.

Həbib Mikayıl deyib ki, Ermənistan itkin şəxslərin kütləvi qətlə yetirilməsi ilə bağlı hallar hərbi cinayət kimi xarakterizə oluna biləcəyindən çəkindiyi üçün küitləvi məzarlıqların yeri barədə məlumatları təqdim etmir: “Mina problemi də bu məsələlərin araşdırılmasını çəkindirir. Gələn aydan BQXK ilə birlikdə bu sahədə addımlar atılacaq. Bu sahədə məhkəmə-tibbi ekspertizasından istifadə olunması da labüddür. İtkin düşmüş şəxslərlə bağlı BQXK-nın Azərbaycan və Ermənistanla birgə müştərək mexanizmi bu sahədə effektiv ola bilər”.

Həbib Mikayıl qeyd edib ki, BQXK 37 azərbaycanlı itkini qeydə alıb, ancaq bu itkinlərin sonrakı taleyi hazırda məlum deyil: “BQXK-nin bu məsələləri araşdırmağa çağırıram. BMT-nin bu sahədə xüsusi məruzəçisi də ola bilər. Bu məruzəçi tək Azərbaycan və Ermənistan üzrə deyil, ümumən dünyada itkin düşmüş şəxslərlə bağlı məsələ ilə məşğul ola bilər”.

Həbib Mikayıl nəzərə çatdırıb ki, Azərbaycan və Ermənistanın bu sahədə səmimi əməkdaşlığı ən effektiv yol ola bilər.

Ermənistan-Azərbaycan münaqişəsi dövründə qarşılıqlı azad edilmiş əsir və girovların sayı açıqlanıb

“10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatdan sonra həyata keçirilmiş birgə tədbirlər nəticəsində 1713 Ermənistan hərbçisinin meyiti tapılaraq ərazidən götürülüb və qarşı tərəfə təhvil verilib".

Bunu bu gün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və Beynəlxalq Qızıl Xaç Komitəsinin təşkilatçılığı ilə 30 avqust Beynəlxalq İtkinlər Gününə həsr edilmiş “İtkin düşmüş şəxslərin şəxsiyyətinin müəyyən edilməsi – Humanitar yanaşma” mövzusunda konfransda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov bildirib.

İsmayıl Axundov deyib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin məlumatına əsasən, I Qarabağ müharibəsi zamanı 776 nəfər, II Qarabağ müharibəsi zamanı isə 345 erməni əsilli şəxs itkin düşmüş hesab edilir: “I Qarabağ müharibəsi dövründə 1480 nəfər azərbaycanlı əsir-girovluqdan azad edilib, qarşı tərəfə isə 509 nəfər təhvil verilib. Eyni zamanda, qoşunların qarşıdurma xəttində həlak olmuş və əsir-girovluqda ölmüş hər iki tərəfə aid onlarla insanın meyiti BQXK-nın vasitəçiliyi ilə tərəflərə təhvil verilmişdir. Ümumiyyətlə, BQXK-nın iştirakı ilə 650-dən çox humanitar proses həyata keçirilib. Vətən müharibəsindən sonra imzalanmış Üçtərəfli Bəyanatdan sonra qarşı tərəf Azərbaycan Respublikasına 25 nəfər (19 hərbçi, 6 mülki) Azərbaycan vətəndaşını təhvil verib. Onlardan 5 nəfəri (1 hərbçi, 4 mülki) 27 sentyabr 2020-ci il tarixdən əvvəl saxlanılmış şəxslərdir. Azərbaycan Respublikası isə 159 nəfər (118 həbçi, 41 mülki, o cümlədən 5 qadın) erməni əsilli şəxsi azad edib. Onlardan 6 nəfəri (4 hərbçi, 2 mülki) 27 sentyabr 2020-ci il tarixdən əvvəl saxlanılmış şəxslərdir. Azərbaycan Respublikası beynəlxalq humanitar hüquq normalarından irəli gələn öhdəliklərinə sadiq qalaraq əsir düşmüş Ermənistan hərbçilərini və döyüş bölgəsindən təxliyə edilmiş mülki şəxsləri internə edib, saxlanma şəraitini, onlarla ləyaqətli davranışı, qida, su təminatını və yaralıların müalicə hüquqlarını təmin edib. Dövlət Komissiyası əsir düşmüş Ermənistan hərbçiləri və saxlanılan şəxslər barədə məlumatları müntəzəm qaydada BQXK-ya təqdim etmiş, qurum əməkdaşlarının onlara baş çəkmələrinə hərtərəfli şərait yaradıb. Həmçinin, əsirlərin və saxlanılan şəxslərin öz yaxınlarına məktub yazması, video ismarıclar göndərməsi, o cümlədən telefon əlaqəsi saxlamaları təmin edilib”.

Dövlət Komissiyası: Vətən müharibəsində iştirak etmiş 6 hərbçimizin sonrakı taleyinin müəyyən edilməsi mümkün olmayıb

“Vətən müharibəsi başa çatdıqdan sonra Azərbaycan Respublikasının aidiyyəti qurumları tərəfindən təqdim edilmiş siyahıya əsasən, 300-ə yaxın Azərbaycan hərbçisi itkin düşmüş hesab edilirdi”.

Bunu bu gün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə 30 avqust Beynəlxalq İtkinlər Gününə həsr edilmiş “İtkin düşmüş şəxslərin şəxsiyyətinin müəyyən edilməsi – Humanitar yanaşma” mövzusunda konfransda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov bildirib.

İsmayıl Axundov deyib ki, Üçtərəfli Bəyanata uyğun olaraq Rusiya sülhməramlı kontingetinin və BQXK-nın yaxından iştirakı ilə həyata keçirilmiş təxirəsalınmaz axtarış tədbirləri nəticəsində itkin düşmüş hərbi qulluqçularımızın əksəriyyətinin nəşi işğaldan azad edilmiş ərazilərimizdən götürülüb və eyniləşdirilərək ailələrinə təhvil verilib:

“Təəssüf ki, Vətən müharibəsində iştirak etmiş 6 hərbçimizin axtarışı ilə bağlı zəruri tədbirlərin keçirilməsinə baxmayaraq, onların sonrakı taleyinin müəyyən edilməsi mümkün olmamış və onlar Vətən müharibəsində itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınıb. Onların taleyinin bu vaxtadək məlum olmaması hər birimizin qəlbini ağrıdır”.

3315 itkinin ailə üzvlərindən 10309 bioloji nümunə toplanıb, 1024 bioloji nümunə üzrə profillər çıxarılıb

“Həm I Qarabağ, həm də II Qarabağ müharibəsi zamanı Dövlət Komissiyasının əməkdaşlıq etdiyi əsas təşkilat BQXK olub. Bu sahədə ən önəmli vəzifələrdən biri kimi I Qarabağ mühraibəsində itkin düşmüş şəxslərin siyahısnın dəqiqləşdirilməsi işi olub”.

Bunu bu gün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və Beynəlxalq Qızıl Xaç Komitəsinin təşkilatçılığı ilə 30 avqust Beynəlxalq İtkinlər Gününə həsr edilmiş “İtkin düşmüş şəxslərin şəxsiyyətinin müəyyən edilməsi – Humanitar yanaşma” mövzusunda konfransda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov bildirib.

İsmayıl Axundov deyib ki, 2008-ci ilin aprel ayında BQXK-nın Azərbaycandakı Nümayəndəliyi ilə Dövlət Komissiyası arasında imzalanmış «İtkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə» çərçivə sazişinə əsasən, 2014-cü ildən etibarən itkin ailələrindən bioloji (DNT) nümunələrin toplanması işinə başlanıb: “Ötən müddət ərzində 3315 itkinin ailə üzvlərindən 10309 bioloji nümunə toplanıb. 2021-ci ilin noyabr ayından etibarən toplanmış bioloji nümunələrdən DNT profillərinin çıxarılması işinə başlanıb. Bu məqsədlə hazırkı vaxta qədər 1024 bioloji nümunənin hər biri üzrə profillər çıxarılıb”.

O qeyd edib ki, hazırkı şəraitdə itkinlərin taleyinin müəyyən edilməsinə mane olan əsas faktlar isə qarşı tərəfin dəfn yerləri barədə məlumatları təqdim etməməsi və işğaldan azad edilmiş əraziləriə çoxsaylı minaların olmasıdır: “Məlumata görə, işğaldan azad edilmiş ərazilərdə Ermənistan hərbçiləri tərəfindən 1 milyondan çox mina basdırılıb”.

.