İspaniya polisi belə qənaətə gəlib ki, Seuta anklavına kütləvi miqrant axını kortəbii baş verməyib.

"Report"un Avropa bürosu xəbər verir ki, İspaniya mediasının əldə etdiyi sənəd ölkənin milli polisinin miqrasiyaya cavabdeh olan bölməsi - CENIF Mərkəzi tərəfindən hazırlanıb.

İddia edilib ki, bu proses Mərakeş təhlükəsizlik qüvvələri əməkdaşlarının "qeyri-adi passivliyi" və fəaliyyətsizliyi ilə müşayiət olunub.

Mərakeş təhlükəsizlik qüvvələrinin vəziyyətə reaksiyası hesabatda "tam laqeydlik" və insanları sərhəddən uzaqlaşdırmaq və ya geri çəkindirmək üçün ciddi cəhdlərin göstərilməməsi kimi qiymətləndirilib. "El País" nəşri yazır ki, sənəddə həmçinin uniformalı və mülki geyimli bəzi əməkdaşların insanları sərhədin müəyyən hissələrinə, o cümlədən El-Taraxal rayonundakı dəniz keçidinə yönləndirdiyi bildirilir.

Bununla belə, böhranın Mərakeş hakimiyyəti tərəfindən planlaşdırıldığına və ya həyata keçirildiyinə dair birbaşa iddialar yoxdur.

Polisin gəldiyi nəticələr əvvəllər Mərakeşin iştirakına dair sübutların mövcudluğunu inkar edən Baş nazir Pedro Sançesin hökumətini təzyiq altında qoyub. Sentyabrın 3-ü səhər saatlarında Baş nazir parlamentdə bir daha bildirdi ki, hakimiyyətin kütləvi keçidin Mərakeş hökuməti tərəfindən planlaşdırıldığına və ya həyata keçirildiyinə dair sübutu yoxdur. Sançes bəyan edib ki, "tutarlı" sübutlar olacağı təqdirdə İspaniya müvafiq şəkildə hərəkət edərdi.

Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının rəsmi nümayəndəsi sənədin məzmununu və böhranda Mərakeşin mümkün rolunu qiymətləndirməkdən imtina edib.

"Biz sızıntıları şərh etmirik", - Markus Lammert bildirib və əlavə edib ki, istintaq davam edir və məsələ İspaniya hakimiyyətinin səlahiyyətindədir.

.