ATƏT-dən mandat alan Minsk qrupu 28 il ərzində heç bir nəticə əldə etmədi. Buna görə Azərbaycan Qarabağ münaqişəsini həll etdikdən sonra artıq Minsk qrupuna ehtiyac qalmayıb.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Qlobal dünya nizamına təhdidlər” mövzusunda Bakıda işə başlayan Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında deyib.

Dövlət başçısı qeyd edib ki, xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra Minsk qrupunun üç həmsədrinin bir araya gəlməsinin mümkün olmadığını hamı anlayır. Biz artıq bu mesajları almışıq ki, Minsk qrupunun həmsədr institutu fəaliyyət göstərməyəcək. Artıq onların pensiya vaxtıdır.

“Beləliklə, mən öz mövqeyimizi bildirmək istəyirəm ki, Ermənistanda və ya hər hansı başqa ölkədə Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya Azərbaycanda yalnız qıcıq doğurur. Biz münaqişəni həll etmişik. Minsk qrupu tərəfindən işlənib hazırlanmış Madrid prinsipləri həll olunub. İndi biz Ermənistanla münasibətləri normallaşdırmağın yolları barədə düşünməliyik, sülh müqaviləsi imzalamalıyıq”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Azərbaycan Prezidenti: “Ermənistan sülh razılaşması üzrə komissiyanı təsis edən kimi danışıqlara başlanılacaq”

Ermənistanla əlaqələrin normallaşdırılması prosesinə gəldikdə isə, sülh razılaşması üzərində işləməyə başlamaq bizim təklifimiz idi və biz təklif etmişdik.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun açılışında çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, Ermənistan sülh razılaşması üzərində işləyəcək komissiyanı təsis edən kimi danışıqlara başlanılacaq: “Ermənistanla əlaqələrin normallaşdırılması prosesinə gəldikdə isə, sülh razılaşması üzərində işləməyə başlamaq bizim təklifimiz idi və biz təklif etmişdik. Ermənistan cavab vermədi, daha sonra biz digər bir addım atdıq və hər iki ölkənin ərazi bütövlüyünə qarşılıqlı hörmət və tanıma, həm indi, həm də gələcəkdə hər hansı ərazi iddiasının irəli sürülməsindən qarşılıqlı şəkildə çəkinmə də daxil olmaqla, beynəlxalq hüququn 5 baza prinsipini irəli sürdük. Biz Ermənistan hökumətinin bu 5 prinsipi qəbul etdiyini görməkdən çox şadıq. Bu, pozitiv dinamikadır, lakin bizim indi praktiki tətbiqetməyə ehtiyacımız var. Çünki biz işğal tarixindəki müzakirələrdən də bilirik ki, bəzən Ermənistan rəhbərliyi tərəfindən hətta ali səviyyədə ifadə edilmiş sözlər də çox məna ifadə etməyib. Bizim addım atılmasına ehtiyacımız var. Azərbaycan artıq öz tərəfindən sülh razılaşması üzrə komissiyasını təsis edib və biz eyni addımın Ermənistan tərəfindən də atılmasını gözləyirik. Əgər bu edilsə və ya bu edilən kimi danışıqlar başlayacaq”.

.