Başa çatmaqda olan 2013-cü il Azərbaycan idmanı üçün bir sıra nailiyyətlərlə yadda qaldı. London olimpiadasında qazanılan on medalla 204 ölkə arasında otuzuncu pillədə qərarlaşan Azərbaycan idmançıları 2013-cü ili ənənəvi idman növü olan güləşi çıxmaq şərtiylə öz aktivlərinə yazdılar desək, yanılmarıq. Güləşdən söz salmışkən Tiflisdə keçirilən avropa çempionatına demək olar ki, ikinci heyətlə yollanan yığmamız bu yarışlarda 2009-cu ildən davam edən "üç komplekt" silsiləsini davam etdirə bilmədi. Ard-arda qitəmiqyaslı turnirin ilk üçlüyündə qərarlaşan millimiz qonşu Gürcüstan səfərindən cəmi bir gümüş və beş bürünc medalla döndü. London olimpiadasının güləş yarışlarında qazanılan 2 qızıl, 2 gümüş və 3 bürünc medalın ardından təbii ki, bu nəticə qənaətbəxş sayılmadı. Hardasa buna olimpiya mükafatçılarına "istirahət verilməsindən" dolayı haqq qazandırmaq olardı. Ancaq təəssüf ki, dünya çempionatı da istər medalların keyfiyyəti, istərsə də kəmiyyəti baxımından heç də "major notlarla" yadda qalmadı. Yarışa tam heyyətlə yollanan pəhləvanlarımızın göstərdiyi nəticə legionerlərin hesabına qazanılan iki gümüş və iki bürünc medal oldu. Hərçənd, Xetaq Qazyumov və Yuliya Ratkeviç istisna olmaqla olimpiya mükafatçılarına verilən "məzuniyyət" və güləş federasiyası rəsmilərinin apardığı müəmmalı məşqçi dəyişikliyinin ardından bu nəticələr gözlənilən idi...
Cüdo idman növündə isə 2013-cü ili xüsusilə Braziliyanın Rio de Janeyro şəhərində keçirilən dünya çempionatı ilə xarakterizə etmək daha doğru olardı. Bu yarışlarda perspektivli Orxan Səfərovun qazandığı bürünc medalın ardından yarışların son günündə Elxan Məmmədovun 100 kq çəki dərəcəsində planetin ən güclüsü olması Azərbaycan cüdosu tarixində bir ilk oldu. Bundan əlavə "World master" və "Qrand-pri" turnirlərində qazanılan nəticələr Peter Zeyzenbaxerin doğru seçim olduğunu təsdiqlədi. Olimpiya çempionu Elnur Məmmədlinin qeyri-müəyyən müddətədək "təxirə salınan" məzuniyyətini çıxmaq şərtiylə Azərbaycan cüdo federasiyası bu ili öz aktivinə yazdı desək, çox da böyük mübaliğəyə yol vermiş olmarıq.
Ağır atletika yarışlarında isə başa çatmaqda olan təqvim ilində cəmi bir mötəbər yarış keçirildi ki, bu da Albaniyanın paytaxti Tirana şəhərində keçirilən Avropa çempionatı oldu. Valentin Xristovun çəkisini dəyişdikdən sonra qatıldığı ilk yarışda da rəqib tanımaması onun uğurlu seleksiya işi olduğunu subut etdi. London olimpiadasında 94 kq çəki dərəcəsində altıncı olmağı bacaran İntiqam Zairov isə karyerasının ən yüksək nailiyyətinə imza atdı. Ötən illərdə qazandığı gümüş medala qızıl əlavə edən idmançımızın bu nəticəsindən başqa Xristovun həmyerlisi Silviya Angelova və Sərdar Həsənovun əldə etdiyi gümüş, eləcə də Zülfüqar Süleymanovun qazandığı bürünc medalla komanda hesabında yalnız Rusiya millisini irəli buraxan yığmamız yarışları ikinci pillədə başa vurdu.
2013-cü ildə ən yüksək nəticə isə boksçularımızdan gəldi. Avropa çempionatında qazanılan 1 qızıl, 1 gümüş , 1 bürünc medalla minimum vəzifəni yerinə yetirən rinq ustalarımız Qazaxıstanın paytaxtı Almatıda keçirilən mundialda tarixi ilkə imza atdı. Avropa çempionatında fəxri kürsnün ən yüksək pilləsinə qalxan Məhəmmədrəsul Məcidov bu yarışda da rəqib tanımadı. Gənc Cavid Çələbiyevin qatııldığı ilk mötəbər yarışda planetin ən güclüsü adına yiyələnməsi isə sözün əsl mənasında gözlənilməz oldu. Əldə edilən iki qızıldan başqa 91 kq-da üçüncü olmağı bacaran Teymur Məmmədovun bürünc medalı ilə Azərbaycan boks yığması komanda hesabnda yalnız ev sahibi Qazaxıstan və Kuba yığmalarından geri qalmaqla üçüncü oldu. Federasiya rəsmilərinin apardığı məqsədyönlü iş, başa vurmaqda olduğumuz ili Azərbaycan boks idmanı tarixinə qızıl hərflərlə yazdı.
Londonda üçüncü dəfə Olimpiya medalına həsrət qalan taekvandoçularımız üçün də 2013-cü il bir sıra beynəlxalq turnirlərdə qazanılan mükafatlarla yadda qaldı. Xüsusən Meksikanın Pueblo şəhərində keçirilən dünya çempionatında Fəridə Əzizova və Radik İsayevin timsalında iki bürünc medal əldə edən taekvandoçularımız ilə öz damğasını vurdu.Bundan başqa, müxtəlif çəkilərdə idmançılarımızın fəxri kürsünün bir addımlığınadək gəlməsi gələcək yarışlara nikbin yanaşmağa imkan verir.Hər halda baş məşqçi postunda uğursuz Koreyalılarla əvəzlənən, Ələkbər İmaməliyev və Gündüz Abbasovun timsalında yerli məşqçilərin ən optimal variant olması bir daha öz təsdiqini tapdı.
Bir neçə cümlə də futbol haqda...
Komanda idman növlərinin ölkəmizdə vüsət tapdığını söyləmək doğru olmazdı. Buna bariz nümunə kimi indiyədək heç bir olimpiya oyunlarında nəticə bir yana, heç təmsil olunmamağımızı göstərmək olar. Hesabatı hazırlayarkən komanda idman növlərinə toxunmamağımın da səbəbi məhz budur. Ancaq futbolun ölkəmizdə də kifayət qədər sevildiyini və yola salmaqda oluğumuz ilan ilində bir neçə kiçik təzadlı nailiyyətlə yadda qaldığımızı nəzərə alsaq,bu haqda bir neçə cümlə yazmaq yerinə düşərdi...Keçən mövsümlərdə olduğu kimi qitəmiqyaslı turnirlərdə dörd klubla təmsil onduq ki, bu yarışlarda Ağdamın Qarabağ klubunun sonuncu kvalifikasiya mərhələsindək gəlməsini istisna etsək, elə də nəzərəçarpan nailiyyət əldə edilmədi.Xüsusən keçən mövsüm Avroliqanın qrup mərhələsinə vəsiqə qazanan Neftçinin Çempionlar liqasının ilk seçmə mərhələsində Skenderbeu səddini aşa bilməməsi Alban klubunun adını Azərbaycan azarkeşinin yaddaşına hər hansı nüfuzlu avropa klubu qədər həkk etdirdi. Bundan başqa Xəzər-Lənkəran klubu Maltanın həvəskar klubunun ardından İsrail Makkabisinə biabırçı məğlubiyyəti, ilə öz "damğasını vurdu".
2012-ci ildən start götürən, gələn il Braziliyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələ yarışlarında Portuqaliya, Rusiya, İsrail, Şimali İrlandiya və Lüksemburqla bir qrupda mübarizə aparan yığmamız tarixində ilk dəfə olaraq yarışları sondan üçüncü pillədə tamamladı. Altı heç-heçə və bir qələbəylə 9 xal toplamağı bacaran millimizin yalnız Rusiya və Portuqaliya ilə oyunlarda məğlub olması bir qədər sevindiricidir. Ancaq Lüksemburqla oyunlarda itirilən dörd xal, Berti Foqtsun öz xudbin eqoizmi haqda düşünməsini qaçılmaz edir ...
Sahib Əsədbəyli
.
