"Nüvə silahının yayılmaması haqqında" müqavilədən (NPT - Treaty on the Non-Proliferation of Nuclear Weapons) çıxmaq məsələsi İranın gündəliyinə salınıb.
Bu barədə İran parlamentinə istinadən "Tasnim" agentliyi məlumat yayıb.
"İrandakı bəzi aidiyyəti qurumlar, o cümlədən parlament müqavilədən çıxmaq məsələsini təcili olaraq araşdırır və ölkədə bu müqavilədə qalmaq üçün heç bir səbəbin olmadığı qənaəti qətiləşir",- məlumatda bildirilib.
Qeyd olunub ki, sənədə əsasən, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) İranın dinc nüvə texnologiyasından və onun ləvazimatlarından faydalanmasının qorunması və dəstəklənməsi şəraitini təmin etməlidir:
"Lakin agentliyin rəhbəri Rafael Qrossi düşməni dolayısı ilə İranın obyektlərinə qarşı nüvə silahından istifadə etməyə təşviq edəndə və ABŞ ilə İsrail AEBA-nın heç bir maneəsi və qınağı olmadan İranın obyektlərinə hücum edəndə müqavilədə qalmaq üçün heç bir əsas qalmır".
Bildirilib ki, NPT-dən çıxmağın məqsədi nüvə silahına doğru getmək demək deyil, əksinə, ABŞ və İsrailin casusluq fəaliyyətlərinin davam etməsinin qarşısını almaqdır.
Qeyd edək ki, NPT nüvə silahlarının yayılmasının qarşısını almaq, nüvə enerjisindən dinc məqsədlərlə istifadəni təşviq etmək və nüvə tərksilahı prosesini irəli aparmaq məqsədi daşıyan beynəlxalq müqavilədir. Müqavilə 1968-ci ildə imzalanıb və 1970-ci ildə qüvvəyə minib. Məqsəd nüvə silahı olmayan dövlətlərin bu silahları əldə etməsinin qarşısını almaq, nüvə silahına malik olan dövlətlərin silahsızlaşma istiqamətində addımlar atması və nüvə enerjisindən dinc məqsədlərlə istifadə hüququnu tanımaqdır.
.
