Türkiyə son bir ildə 185 ölkəyə 10,5 milyard dollarlıq müdafiə və aviasiya sənayesi üzrə məhsul ixracı həyata keçirib və hədəf bu rəqəmi 11 milyard dollardan yuxarı qaldırmaqdır.
"Report"un Türkiyəyə ezam olunan əməkdaşı xəbər verir ki, bunu İstanbulda keçirilən "SAHA 2026" Müdafiə, Aviasiya və Kosmos Sənayesi Sərgisində Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün deyib.
O bildirib ki, sərgi artıq qlobal səviyyədə izlənən mühüm bir sənaye platformasına çevrilib:
"SAHA 2026" çərçivəsində imzalama mərasimləri və investisiya görüşləri keçirilir. Bu platforma beynəlxalq əməkdaşlıq üçün geniş imkanlar yaradır".
H.Görgün qeyd edib ki, Türkiyə müdafiə sənayesi sahəsində ölkələrlə əməkdaşlığını daha da genişləndirəcək.
Türkiyə rəsmisi çıxışında bildirib ki, onların yanaşması yalnız məhsul satışı ilə məhdudlaşmır. Əsas məqsəd ortaq bilik, ortaq əmək və ortaq qabiliyyətə əsaslanan sənaye modelinin formalaşdırılmasıdır.
"Bu gün Türkiyənin müdafiə sənayesi şirkətləri dünyanın müxtəlif regionlarında təkcə məhsulları ilə deyil, həm də mühəndislik təcrübəsi və texnoloji bilikləri ilə tanınır", - o vurğulayıb.
.
