Buxarestdə Gürcüstan, Azərbaycan, Rumıniya və Macarıstan arasında “Yaşıl Enerji Dəhlizi” üzrə 13-cü nazirlər görüşü keçiriləcək.
Bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyindən bildirilib.
Məlumata əsasən, toplantı çərçivəsində “Yaşıl Enerji Dəhlizi"ndə iştirak edən ölkələrin nümayəndələri layihənin icrası istiqamətində əldə edilmiş irəliləyişləri, texniki-iqtisadi əsaslandırmanın nəticələrini və layihənin inkişafı ilə bağlı növbəti addımları müzakirə edəcəklər. Tərəflər xüsusi diqqəti cari məsələlərə və layihənin praktiki icrası üçün zəruri olan tədbirlərin müəyyən edilməsinə yönəldəcəklər.
Gürcüstanı görüşdə təmsil edəcək Baş nazirin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Rumıniyaya yollanıb. Onu səfərdə müavinləri — Genadi Arveladze və İnqa Pxaladzedən ibarət nümayəndə heyəti müşayiət edəcək.
Mariam Kvrivişvili ilə yanaşı, nazirlər toplantısında Rumıniya, Azərbaycan və Macarıstanın energetika nazirləri də iştirak edəcəklər.
Qeyd edək ki, Gürcüstan, Azərbaycan, Rumıniya və Macarıstan arasında "Yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq" haqqında dördtərəfli saziş 2022-ci ilin dekabrın 17-də imzalanıb. Sənəd Qara dənizin dibi ilə çəkiləcək elektrik ötürücü kabel vasitəsilə Cənubi Qafqaz və Avropa arasında yaşıl enerjinin ötürülməsi üçün yeni marşrutun yaradılmasını nəzərdə tutur.
.
