Avropa Mərkəzi Bankının təntənəli açılış mərasimini gözləyən yeni möhtəşəm binasının damında "Kapitalizm öldürür!” yazılmış plakat...
Yəqin dialektika budur. Kapitalizmin gücünün simvolu başında öz təyinatını gəzdirir.
Bu mənzərəni milyonlar Almaniyanın Frankfurt şəhərindən çəkilən kadrlarda gördü. 2200 məmurun çalışacağı, yarım milyard avroya başa gələn göydələnin təntənəli açılışına sol qruplar mane olmağa çalışdı.
Söhbət antikapitalist Blockupy, antifaşistlər və "avtonom solçular” qruplaşmasının Mayn çayının sahilindəki şəhərin həyatını iflic edən, amansız küçə qarşıdurmaları, yanan maşınlar, daşlanan polis məntəqələri, barrikadalar, həyəcan siqnalları və təyyarə uçuşları ilə müşayiət olunan bu günündən gedir. 10 min solçu küçələrdədir, şəhərin "bankir məhəlləsi”ndə onlara qarşı 15 min silahlı polis dayanıb, saxlanılanların sayı yüzlərlədir, polislərdən 90 nəfər xəsarət alıb. Dirəniş isə davam edir.
Bu gün Frankfurta Avropanın dörd yanından antikapitalistlər toplaşıb. Almaniyaya kənardan gələn dirənişçilərin sayı 4 mindən çoxdur. Əsl Sol beynəlmiləl. Və onlar bütün Sistem əleyhinə etirazlarda olduğu kimi, ilk olaraq Sistemin simvollarını hədəf götürüb. Onlar təkcə mövcud iqtisadi siyasətə qarşı yox, bütünlükdə kapitalizmə qarşı çıxırlar. Banklar isə kapitalizmin vuran ürəyidir.
Martın 18-də Avropa Mərkəzi Bankının yeni binası istifadəyə verilməli, 20-dən çox ölkənin maliyyə elitası tədbirə qatılmalı, Bankın sədri Mario Draqi isə pafoslu nitq söyləməliydi. Bunlar günorta olmalıydı, səhər isə etirazlar başladı.
Sol fəallar polis maneəsini yararaq binaya yürüş etdi, küçə toqquşmaları fotoqraflara unikal kadrlar üçün mənbə oldu. Frankfurtda bütün nəqliyyatın işi dayandı, məktəb və bağçalar bağlandı. Şəhərin mərkəzi alınmaz qalaya çevrildi. Belə vaxtlarda isə NATO-nun tətbiq etməyi sevdiyi tikanlı məftillərsiz keçinmək olmaz.
Saatlarla davam edən toqquşmaların ilk dalğası nisbətən səngiyəndən sonra Mario Draqi titrəyən səsi ilə binanın açılışını elan edə bildi. "Avro - bizim etimad simvolumuzdur” dedi, böhrandan çıxa bilməyən Yunanıstan, İspaniya, İrlandiyanın bəlalarında o ölkələrin vətəndaşlarını qınadı, hətta "sosial ədalət”dən danışdı, bu vaxt ərzində isə yaxınlıqdan gələn etiraz səslərini eşitməməyə çalışdı.
Mətbuat konfransı keçirən "Blockupy” blokunun fəalları isə yeni etirazların günün sonunda bərpa olacağının anonsunu verdi. Frannkfurt polisi atmosferin "ifrat aqressiv” olduğunu, bu cür güclü etirazların əvvəllər olmadığını açıqladı.

***

Beləliklə, Avropanın əsas bankının ilk iş günü ifrat güclü etirazlarla müşayiət olunaraq Frankfurtu "mühasirə vəziyyətindəki şəhər”ə çevirdi. Bu, MDB-nin hansısa məkanında, yaxud Şərqi Avropa ölkələrindən birində olsaydı, qəzetlər iri hərflərlə "yeni Maydan”dan yazacaq, xalq itaətsizliyinin ədalətli olduğunu önə çəkəcək, TV və internet var gücü ilə alova benzin tökəcəkdi. Ancaq Frankfurtdakı hadisələri "İnqilab” yox, "kütləvi iğtişaş” , "başıpozuqların xuliqanlığı” kimi təqdim edəcəklər. Şüarlar da, tələblər də, etirazçıların məqsədləri də təhrif olunacaq və pislənəcək. Frankfurta Viktoriya Nuland gəlib krendellər paylamayacaq, meydanda biotualetlər quraşdırılmayacaq, Obama və Kerri etirazçıların müdafiəsinə qalxmayacaq. Hər şey əksinə olacaq. İkili standartlar deyirsiz? - buyurun.
Məhz diskursun sahibləri müəyyənləşdirirlər - niyə Kiyevdəki nasistlər "inqilabçı”dır, ancaq Frankfurtdakı inqilabçılar isə "ekstremist”...

***

Ancaq Frankfurtdakı hadisələrdən ruhlanan antikapitalistlər də yanılırlar - optimizmə elə bir əsas yoxdur. Hadisələr olacaq, keçəcək, bir müddət sonra başqa yerdə yenə minlərlə Sol fəal küçələrə çıxıb Sistemə meydan oxuyacaq və beləcə davam edəcək - kəmiyyət isə keyfiyyətə keçməyəcək. Avropada Sol inqilab olmayacaq.
Səbəb? Çe Gevaranın nəzəri irsini oxuyanlar bu cavabı özləri üçün çoxdan tapıblar. Birinci Dünya ölkələrinin xalqları üçün onlara hazırlanan çətinliklərin, məhrumiyyətlərin, yoxsulluğun limitləri var. Etirazlar güclənəndə və çoxalanda kapitalistlər "imtiyaz maşını”nı işə salırlar, hansısa sosial güzəştlərə gedirlər.
Bunu etməyə onların imkanları çatır - "üçüncü dünya ölkələri”ndə parazitlik etməklə, periferiya kapitalizmi dövlətlərinin sərvətlərini çəkib sormaqla, yaxud hansısa uzaq bir nöqtədə yeni qanlı münaqişə təşkil etməklə onlar büdcədə sosial güzəştlərin payını az-çox artıra bilirlər. Odur ki, Avropa proletariatı (burada təkcə fəhlələr yox, bütün əzilənlər nəzərdə tutulur) da təbiəti etibarilə inqilaba və radikal dəyişikliklərə iddialı deyil.
Ancaq "toxlar”ın Qiyamının çox mühüm tarixi rolu var - onlar bu yolla "üçüncü dünya ölkələri”nə nümunə verirlər. Avropa əzilənlərinin əsas missiyası periferiyalardakı Azadlıq mübarizələrinə dəstək olmaq, onları müdafiə etmək, təbliğat aparmaqdır. Bir sözlə, hələ Çenin, Fanonun və Markuzenin yazdıqları kimi, "birinci dünya xalqları”nın da xilasının açarı məhz periferiyalardakı mübarizlərin əlindədir.
Odur ki, Frankfurt dirənişi sonunda heç bir köklü dəyişikliyə nail olmasa da uzaqlardakı mübarizələr üçün böyük psixoloji, təbliğat və birləşdirici effekt rolu oynayır. Hər belə etiraz kapitalizmin divarından bir kərpic qoparır...
Virtualaz.org
.