Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığa məsuliyyətlə və böyük həvəslə yanaşır.

Bunu Azərbaycan Respublikası və Özbəkistan Respublikası Ali Dövlətlərarası Şuranın üçüncü iclasında Prezident İlham Əliyev bildirib.

“Azərbaycanın Mərkəzi Asiya ölkələrinin məsləhətləşmə görüşlərində tamhüquqlu üzv kimi iştirak etməsinə verdiyiniz xüsusi rola görə sizə bir daha təşəkkür etmək istərdim. Qərarın məhz Daşkənddə, sizin rəhbərliyinizlə keçirilən iclasda qəbul edilməsi simvolik məna daşıyır. Biz sizin Azərbaycanın bu formatda tamhüquqlu şəkildə iştirak etməsi üçün şəxsən necə böyük rol oynadığınızı çox yaxşı bilirik. Bu proses artıq həyata keçirilir. Bu yaxınlarda biz sizinlə birlikdə Qırğızıstanda görüş keçirdik. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq çərçivəsində bu işə çox məsuliyyətlə və böyük həvəslə yanaşır”, - deyə dövlət başçısı qeyd edib.

Dövlət başçısı Özbəkistan Prezidentinə İkitərəfli münasibətlərin inkişafına töhfəsinə görə təşəkkür edib

İkitərəfli münasibətlərimizin inkişafına verdiyiniz şəxsi töhfəyə görə təşəkkür etmək istərdim.

Bunu Azərbaycan Respublikası və Özbəkistan Respublikası Ali Dövlətlərarası Şuranın üçüncü iclasında Prezident İlham Əliyev bildirib.

“İlk növbədə sizə qardaş Özbəkistana səfər etməklə bağlı dəvətə, qonaqpərvərliyinizə, Azərbaycana və xalqımıza göstərdiyiniz xoş münasibətə, həmçinin ikitərəfli münasibətlərimizin inkişafına verdiyiniz şəxsi töhfəyə görə təşəkkür etmək istərdim.

İclasımız başlamazdan əvvəl nümayiş etdirilən qısa videomaterialda hazırda üzərində işlədiyimiz layihələr çox yığcam və kifayət qədər dolğun şəkildə təqdim olundu. Onların bir hissəsi artıq həyata keçirilib, digər hissəsi isə reallaşdırılacaq. Əsas məsələ isə odur ki, qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi ilə bağlı konkret gündəliyimiz var. Əminəm ki, artıq müəyyən edilmiş layihələr həyata keçirildikcə yeni layihələr də meydana çıxacaq və bu videoprezentasiyanın nümayişi daha çox vaxt aparacaq. Əslində, belə təqdimatın hazırlanmasına çox müsbət yanaşdım, çünki burada bu gün bizi birləşdirən əsas istiqamətlər əhatə olunub”, - deyə dövlət başçısı qeyd edib.

Özbəkistan üçün bərənin tikintisini də sürətləndirmək lazımdır

Özbəkistan üçün bərənin tikintisini də sürətləndirmək lazımdır.

Bunu Azərbaycan Respublikası və Özbəkistan Respublikası Ali Dövlətlərarası Şuranın üçüncü iclasında Prezident İlham Əliyev bildirib.

“Kənd təsərrüfatının inkişafı ilə bağlı layihələr də uğurla həyata keçirilir. Nəqliyyat-tranzit sahəsində artıq müəyyən nəticələr əldə etmişik. Mənə məruzə etdilər ki, Özbəkistandan Azərbaycan üzərindən daşınan yüklərin həcmi artır. Bununla yanaşı, Özbəkistan üçün bərənin tikintisini də sürətləndirmək lazımdır. Bu barədə Şavkat Miromonoviçlə danışmışıq. Məsələ həll olunub, sadəcə, bu layihəni prioritetlər siyahısına daxil etmək lazım gələcək. Hazırda bizim gəmiqayırma müəssisəmizdə müxtəlif modifikasiyalı, o cümlədən bərələr, tankerlər və quru yük gəmiləri olmaqla, eyni vaxtda təxminən 10 gəmi tikilir. Müəssisə hazırda 100 faiz gücü ilə fəaliyyət göstərir. Ona görə də düşünürəm ki, bu bərə üçün yer tapılmalıdır. Nəqliyyat nazirinin müavini, bunu nəzərə alın ki, layihə prioritet xarakter daşısın”, - deyə dövlət başçısı qeyd edib.

Azərbaycan ərazisində Zəngəzur dəhlizi layihəsi fəal şəkildə həyata keçirilir

Azərbaycan ərazisində Zəngəzur dəhlizi layihəsi fəal şəkildə həyata keçirilir.

Bunu Azərbaycan Respublikası və Özbəkistan Respublikası Ali Dövlətlərarası Şuranın üçüncü iclasında Prezident İlham Əliyev bildirib.

“Nəqliyyat sahəsi ilə bağlı onu da qeyd etmək istərdim ki, Azərbaycan ərazisində Zəngəzur dəhlizi layihəsi fəal şəkildə həyata keçirilir. Azərbaycan Respublikasının əsas hissəsində layihənin gələn il başa çatdırılması nəzərdə tutulur. Naxçıvan Muxtar Respublikası ərazisində isə layihənin icrasına başlanılıb.

Bizim konseptual yanaşmamız ondan ibarətdir ki, Naxçıvan dəmir yolu, təbii olaraq, Azərbaycan Dəmir Yolunun bir hissəsidir. Bu çərçivədə layihədə iştirak etmək, investisiya qoymaq və müvafiq gəlir əldə etməklə yanaşı, bu marşrut üzrə zəmanətli daşınma həcmlərinə malik olmaq istəyən şirkətlər və ölkələr üçün beynəlxalq konsorsium yaratmağı planlaşdırırıq.

Məlumat üçün bildirmək istəyirəm ki, Ermənistan ərazisində də işlər aparılır. Amerikalı tərəfdaşlarımız bu barədə bizə mütəmadi məlumat verirlər. Bizə verilən məlumata görə, Ermənistan ərazisində tikinti işlərinə ya bu ilin sonunda, ya da gələn ilin əvvəlində başlanacaq. Lakin orada dəmir yolunun uzunluğu cəmi 42 kilometrdir, Naxçıvan Muxtar Respublikası ərazisində isə bu məsafə 194 kilometrdir. Buna görə də biz işlərə başlamışıq və onları istənilən halda başa çatdıracağıq.

Lakin müxtəlif şirkətlərin bu layihəyə marağının olduğunu bildiyimiz üçün qeyd etmək istərdim ki, belə maraq yaranacağı təqdirdə, nəzərdə tutulan konsorsiumda iştirak etmək imkanı da mövcuddur”, - deyə dövlət başçısı qeyd edib.

Prezident İlham Əliyev Birgə İnvestisiya Fondunun səmərəli fəaliyyət göstərdiyini bildirib

Prezident İlham Əliyev Birgə İnvestisiya Fondunun səmərəli fəaliyyət göstərdiyini bildirib.

Bunu Azərbaycan Respublikası və Özbəkistan Respublikası Ali Dövlətlərarası Şuranın üçüncü iclasında Prezident İlham Əliyev bildirib.

“Prioritet təşkil edən istiqamətlər barədə siz ətraflı danışdınız. Mən öz tərəfimdən sizinlə müzakirə etdiyimiz məsələlərdən birini – Birgə İnvestisiya Fondumuzun potensialını əlavə etmək istərdim. Mənə məruzə etdilər ki, artıq 500 milyon dolların təxminən 160 milyon dolları hansı istiqamətdə investisiya qoyulacağı müəyyənləşdirilib. Təbii ki, düşünürəm ki, biz bu vəsaiti tezliklə istifadə edəcəyik və əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirəcəyik. Həmçinin qeyd etməliyəm ki, Azərbaycanın müxtəlif ölkələrlə bu cür əməkdaşlıq formatları mövcuddur, lakin mən deyərdim ki, ən səmərəli və nəticəyə yönəlmiş Fond məhz Özbəkistan-Azərbaycan Fondudur.

Lakin nəzərdə tutduğumuz və artıq müqavilələri bağlanmış layihələr üzrə investisiyaların həcmi Fondun həcmindən xeyli çoxdur. Bu təqdimatda qeyd edildi ki, yalnız Özbəkistanın turizm sektoruna 5 milyard dollar investisiya qoyulması planlaşdırılır. Həmçinin Daşkənddə yaradılan, otel və yaşayış kompleksləri ilə bağlı layihələr bu investisiya fondunun çərçivəsindən kənardadır. Buna görə də, ümumilikdə investisiya portfelinə nəzər salsaq, onun müəyyən etdiyimiz 500 milyon dollardan daha böyük olduğunu görərik”, - deyə dövlət başçısı qeyd edib.

.