Azərbaycan və Özbəkistan münasibətləri çox möhkəm təməl üzərində qurulub.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev lə mətbuta birgə bəyanatında bildirib.
“Bu gün haqqında danışdığımız layihələrin hər birinin öz dəyəri var. Onların hamısı birlikdə, Şavkat Mirziyoyevin qeyd etdiyi kimi, münasibətlərimizə görünməmiş xarakter verir. Biz praktiki olaraq energetikadan, nəqliyyatdan, investisiya layihələrindən, turizmdən, dağ-mədən sənayesində əməkdaşlıqdan, avtomobil sənayesindən, kənd təsərrüfatından tutmuş emal sahəsinə qədər bütün istiqamətləri əhatə etmişik. Hətta bu gün ikitərəfli formatda rəsmi tədbirlərin sonunda yeni layihələrin təməlini qoyarkən və ya yeni layihələri açarkən onların sadəcə sadalanması əməkdaşlığımızın nə qədər çoxşaxəli olduğunu görmək üçün kifayətdir. Mən bank sektorunda əməkdaşlığı da qeyd etməyi unutdum. Azərbaycanın aparıcı bankının Özbəkistan bazarına daxil olması, SOCAR-ın Özbəkistanın pərakəndə ticarət bazarına çıxması, neft-qaz ehtiyatlarının kəşfiyyatı ilə bağlı layihələrdə isə artıq, prinsip etibarilə, yekun mərhələyə yaxınlaşmışıq. Ümid edirik ki, gələn il kəşfiyyat qazması və aparılan kəşfiyyat işləri yaxşı nəticələr verəcək və bundan sonra istismar quyularının qazılmasına başlayacağıq.
Yəni bu gün biz artıq perspektivdən danışırıq. Fakt ondan ibarətdir ki, ikitərəfli münasibətlərimiz bu gün həm mənəvi, həm də maddi baxımdan çox möhkəm təməl üzərində qurulub.
Bu sintez dünya siyasətində o qədər də tez-tez rast gəlinən hal deyil, amma bizim münasibətlərimizdə bu mövcuddur. Hər iki ölkənin hökumətlərinin inkişaf, insanlar üçün daha yaxşı həyat şəraitinin yaradılması və səylərin birləşdirilməsi istiqamətindəki istəkləri bizim uğur qazanmağımızın ən mühüm amilidir”, - deyə dövlət başçısı qeyd edib.
Mərkəzi Asiya və Azərbaycan böyük potensiala malik vahid geosiyasi və iqtisadi regiondur
Mərkəzi Asiya və Azərbaycan böyük potensiala malik, həm də gələcəkdə daha böyük inkişaf imkanları olan vahid geosiyasi və iqtisadi regiondur.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev lə mətbuta birgə bəyanatında bildirib.
“Şavkat Mirziyoyevin qeyd etdiyi kimi, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq formatına qoşulmasından və bu məsələdə, yeri gəlmişkən, onun xüsusi rolundan sonra əməkdaşlığın coğrafiyası genişlənib. Bu gün Mərkəzi Asiya və Azərbaycan böyük potensiala malik, həm də gələcəkdə daha böyük inkişaf imkanları olan vahid geosiyasi və iqtisadi regiondur. Bu geniş, artıq kifayət qədər inteqrasiya olunmuş regionun ümumi müsbət inkişaf dinamikası böyük ölçüdə bizim – Özbəkistan və Azərbaycanın – sıx qarşılıqlı fəaliyyətimizdən asılıdır”, - deyə dövlət başçısı qeyd edib.
Hər dəfə Daşkəndə gələndə sürətli inkişafın şahidi oluram.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev lə mətbuta birgə bəyanatında bildirib.
“İlk növbədə, dəvətə, qonaqpərvərliyə, Azərbaycana və Azərbaycan xalqına göstərdiyiniz səmimi münasibətə görə sizə bir daha təşəkkürümü bildirmək istərdim. Biz də Özbəkistana və Özbəkistanın qardaş xalqına eyni xoş və qardaşlıq hisslərini bəsləyirik. Bugünkü səfərin nəticələri bunu bir daha təsdiqləyir. İlk növbədə bir daha qeyd etmək istərdim ki, Daşkəndə ilk dəfə səfər etmirəm və hər dəfə burada olarkən sürətli inkişafın şahidi oluram. Bu, hər şeydə – həm böyük layihələrdə, həm də ayrı-ayrı detallarda özünü göstərir. Bu gün Daşkənd və bütövlükdə Türküstan yüksəliş mərhələsindədir. Bu isə mənim əziz qardaşım Şavkat Mirziyoyevin Özbəkistanın potensialının gücləndirilməsinə, ölkənin beynəlxalq arenadakı mövqelərinin möhkəmləndirilməsinə və ən mühüm sosial-iqtisadi məsələlərin həllinə yönəlmiş fəaliyyətinin nəticəsidir.
Şavkat Mirziyoyev Özbəkistana rəhbərlik etməyə başlayanda vəziyyət tamamilə fərqli idi. Özbəkistan vətəndaşları bunu yaxşı bilirlər, biz də bunu bilirik. Buna görə də onun ölkəni inkişaf yoluna çıxarmaq, dövlətin inkişafı üçün iqtisadi əsasları, demək olar ki, sıfırdan formalaşdırmaq üçün böyük səylər göstərməsi lazım gəldi.
İqtisadiyyatı şaxələndirmək, sənayeni inkişaf etdirmək, kənd təsərrüfatını, yenə də şaxələndirilmiş şəkildə inkişaf etdirmək, iqtisadiyyatın böyük potensiala malik olan və ehtiyac duyduğu sahələrinə investisiyalar cəlb etmək lazım idi. Bu gün isə biz tamamilə fərqli Özbəkistan görürük. Bu, dünya birliyində böyük hörmətə malik olan və sənaye inkişafı, kənd təsərrüfatı, energetika və nəqliyyat infrastrukturu ilə bağlı məsələləri çox operativ və səmərəli şəkildə həll edən Özbəkistandır.
Şavkat Mirziyoyevin ikitərəfli münasibətlərimizə dair söylədiyi bütün fikirlər, ilk növbədə, onun və komandasının Özbəkistan üçün gördüyü işlərə aiddir. Mən bu barədə bu gün artıq danışmışam. Əgər bu ilkin baza, bu potensial olmasaydı, heç bir birgə layihəni həyata keçirmək mümkün olmazdı.
Ümumiyyətlə, Şavkat Mirziyoyev Özbəkistana rəhbər gəlməzdən əvvəl ölkələrimiz arasında heç bir birgə layihə yox idi. Bu gün isə biz 1 milyard dollarlıq əmtəə dövriyyəsi hədəfindən hansısa uzaq gələcək arzusu kimi deyil, yəqin ki, bir neçə ildən sonra çatacağımız göstərici kimi danışırıq.
Bu gün müzakirə olunan investisiya layihələri, qarşılıqlı investisiyalar, məhz iqtisadiyyatlarımızın tələb etdiyi və ehtiyac duyduğu sahələrə yönələn təşəbbüslər – bütün bunlar hər iki ölkə paralel inkişaf yolu ilə irəliləməsəydi mümkün olmazdı", - deyə dövlət başçısı qeyd edib.
.
