Avropa Komissiyası 2030-cu illərin əvvəllərinə qədər Avropada kiçik modul reaktorlarının tətbiqi üzrə yeni strategiya hazırlayıb.
Bu barədə Parisdə Nüvə Enerjisi üzrə 2-ci Ümumdünya Sammitində Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen bildirib.
Onun sözlərinə görə, nüvə enerjisinə qayıdış Avropa İttifaqına (Aİ) əvvəlki strateji səhvini - keçmişdə bu texnologiyadan könüllü imtina etməsini düzəltməyə imkan verəcək.
"Təklif olunan yeni texnologiya ənənəvi nüvə reaktorları ilə yanaşı, çevik, təhlükəsiz və səmərəli enerji sistemində əsas rol oynaya bilər", - fon der Lyayen bildirib.
Avropa Komissiyasının rəhbəri strategiyanın həyata keçirilməsi üçün üç kompleks tədbir barədə danışıb: "Hər şeydən əvvəl, bu, şirkətlərin sınaqları əsasında qaydaların sadələşdirilməsidir. Məntiq aydındır, əgər texnologiya təhlükəsizdirsə, onun bütün Avropada tətbiqi asan olmalıdır".
İnvestisiyaları səfərbər etmək lazımdır. Bu məqsədlə Avropa Komissiyası innovativ nüvə texnologiyalarına özəl yatırımları dəstəkləmək üçün 200 milyon avro məbləğində zəmanət yaradır. Maliyyələşdirmə Avropa emissiya ticarəti sistemindən daxil olacaq. Və nəhayət, modul reaktorlarının biznes modeli miqyas tələb edir, bu isə Avropa ölkələri arasında əməkdaşlıq deməkdir.
"Nüvə texnologiyaları yarışı başladı. Amma biz bilirik ki, Avropa lider olmaq üçün lazım olan hər şeyə sahibdir. Bizim atom sənayesində yarım milyon yüksək ixtisaslı işçimiz var - bu, ABŞ və Çindəkindən qat-qat çoxdur. Biz modul reaktorları sahəsində qlobal innovasiyalarda liderlik edirik. Və indi bizim sürətlə və geniş miqyasda hərəkət etmək üçün ambisiyalarımız var", - fon der Lyayen bildirib.
.
