Ermənistanın Baş naziri Nikol Paşinyan və Rumıniya Prezidenti Nikuşor Dan iki ölkə arasında strateji tərəfdaşlıq haqqında birgə bəyannamə imzalayıblar.

Bu barədə Ermənistanın “Armenpress” məlumat yayıb.

Rumıniya Prezidenti Nikuşor Dan Ermənistanın Baş naziri Nikol Paşinyanla birgə keçirdiyi mətbuat konfransında bildirib ki, sənədin imzalanması iki ölkənin gələcək münasibətlərinin daha iddialı inkişafına imkan yaradacaq.

“Bu gün biz strateji tərəfdaşlıq haqqında birgə bəyannamə imzaladıq. Bu o deməkdir ki, gələcək münasibətlərimizlə bağlı daha böyük ambisiyalarımız var”, – Nikuşor Dan qeyd edib.

Rumıniya Prezidenti Ermənistanın strateji tərəfdaşlıq sazişləri imzaladığı ölkələr arasında xüsusi yer tutduğunu və bunu Rumıniyadakı erməni icmasının rolu ilə əlaqələndirib.

Qeyd edək ki, Nikol Paşinyan noyabrın 24-də Rumıniyaya rəsmi səfər edib. Səfər çərçivəsində tərəflər ikitərəfli münasibətlərin inkişafını, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı, həmçinin regional məsələləri müzakirə ediblər.

.