Türkiyə müdafiə sənayesi sahəsində etibarlı ölkəyə çevrilib.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "SAHA 2026" Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisinin bağlanış mərasimindəki çıxışında deyib.
Türkiyə Prezidenti bildirib ki, "SAHA 2026"da 200-dən çox yeni silah ilk dəfə nümayiş etdirilib:
"Bundan çox məmnunuq. Məqsədimiz Türkiyənin müdafiə sənayesi sahəsində hər bir avadanlığı özünün istehsal etməsidir. Bu istiqamətdə işlər aparılır. Bu gün Türkiyə müdafiə sənayesi sahəsində etibarlı ölkəyə çevrilib".
O, hazırda Türkiyənin müdafiə sənayesi sahəsində istehsala görə dünyada ilk 15 dövlət arasında olduğunu vurğulayıb:
"Əsas məqsəd yaxın zamanda ilk 10 ölkə arasına yer almaqdır. Türkiyə nə zaman nəyisə istehsal etməyə başlayanda bəziləri "almaq istehsal etməkdən daha yaxşıdır" deyə buna qarşı çıxırdılar. Biz bununla razılaşmadıq, embarqolarla üzləşdik, amma geri çəkilmədik. Kim bizim qarşımıza çıxsa, gələcəyimizə göz diksə, onun biləyini bükərik".
.
