Azərbaycan aşağı dövlət borcu, beynəlxalq ehtiyatları və güclü fiskal və xarici mövqeyi baxımından əlverişli vəziyyətdədir.
Bunu Dünya Bankının Azərbaycan üzrə baş ölkə iqtisadçısı Steve Loris Gui-Diby Bakıda keçirilən “Fitch Azərbaycanda” tədbirində bildirib.
Onun sözlərinə görə, bütövlükdə region son dövrdə bir sıra çağırışlarla üzləşsə də, müəyyən dayanıqlılıq nümayiş etdirib. Bununla belə, regionda iqtisadi artımın təxminən 2,6%-dən 2,1–2,3% aralığına qədər zəiflədiyi müşahidə olunur.
Gui-Diby bildirib ki, yüksək inflyasiya əhalinin alıcılıq qabiliyyətinə, eyni zamanda investisiya imkanlarına təzyiq göstərir. Gübrələrin bahalaşması kənd təsərrüfatı istehsalına təsir göstərə, iqtisadi qeyri-müəyyənlik isə şirkətlərin investisiya qərarlarında daha ehtiyatlı davranmasına səbəb ola bilər.
Azərbaycanla bağlı danışan Dünya Bankının rəsmisi ölkənin fiskal mövqeyini, xarici mövqeyini, aşağı dövlət borcunu və beynəlxalq ehtiyatlarını müsbət amillər kimi qeyd edib.
Bununla yanaşı, o bildirib ki, Azərbaycan bir sıra avadanlıq və məhsulların idxalından asılı olduğundan xarici qiymət artımları ölkə daxilində inflyasiya təzyiqinin ötürülməsi kanallarından biri ola bilər.
Gui-Diby maliyyələşmə şərtlərinin investisiyalara təsirinə də toxunub. Onun sözlərinə görə, daha yüksək risk mükafatları xüsusilə dayanıqlılığı nisbətən aşağı olan şirkətlərin kreditə çıxışını çətinləşdirə və investisiyalara təsir göstərə bilər.
O, iqtisadi diversifikasiyanı Azərbaycan üçün əsas çağırışlardan biri kimi qeyd etməklə yanaşı, bu istiqamətdə imkanların da mövcud olduğunu bildirib.
.
