Azərbaycanın "Kosmonavtların xilas edilməsi, kosmonavtların geri qaytarılması və kosmik fəzaya çıxarılmış obyektlərin geri qaytarılması haqqında Saziş"ə qoşulması ölkəmizin kosmik sahədə beynəlxalq əməkdaşlığının inkişafına mühüm töhfə verəcək.
Bunu deputat Zaur Şükürov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
Xatırladaq ki, həmin saziş 1968-ci il aprelin 22-də imzalanıb və 7-ci maddəsinin tələbinə uyğun olaraq, həmin il dekabrın 3-də qüvvəyə minib.
"Saziş kosmik gəminin şəxsi heyətinin qəzaya uğraması, təcili, gözlənilmədən eniş etmə barədə məlumat alan Tərəfin vəzifələrini müəyyən edir, bu sahədə yarana biləcək münasibətlərin effektiv qaydada tənzimlənməsini nəzərdə tutur. Sazişdə kosmonavtlara mümkün olan bütün yardımların göstərilməsini, onların dərhal təhlükəsiz geri qaytarılmasını və digər məsələləri tənzimləyən bir sıra vacib müddəalar müəyyən edilib. Sazişdə qəza, fəlakət, təcili və yaxud gözlənilmədən eniş səbəbi ilə kosmik gəminin şəxsi heyəti üçün bütün mümkün tədbirlərin görülməsi öhdəliyi müəyyənləşir, Razılığa gələn Tərəflərin üzərinə bu barədə Birləşmiş Millətlər Təşkilatının Baş Katibinin dərhal məlumatlandırılması vəzifəsi qoyulur. Sazişin digər müddəaları sadalanan məsələlərdən irəli gələn texniki, inzibati, xilasetmə tədbirlərinin həyata keçirilməsi qaydalarını, imzalanma və ratifikasiya üçün prosedurları, Sazişin mətninə düzəlişləri, mətnlərin autentikliyi və digər əlaqəli məsələləri tənzimləyir", - deyə o qeyd edib.
Deputatın sözlərinə görə, ölkəmiz, habelə Azərbaycan alimləri kosmik tədqiqatlar sahəsində istər Sovet Hakimiyyəti illərində, istərsə də müstəqilliyimizi bərpa etdikdən sonra əhəmiyyətli uğurlara imza atıb: "Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dönəmində bu məsələlər daim diqqətdə saxlanılıb və Prezident cənab İlham Əliyevin liderliyi ilə ölkəmizdə bu sahədə əhəmiyyətli layihələr həyata keçirilməkdədir. Azərbaycan on ildən çoxdur ki, beynəlxalq kosmik ailənin üzvüdür. Hazırda 2 telekommunikasiya peykinə malikik. Bu peykləri azərbaycanlı mütəxəssislər idarə edir və 45-dən çox ölkəyə xidmət göstərir".
.
