Milli Məclisin deputatı Novruzəli Aslanov 14 may 2026-cı il tarixində İsmayıllı rayonunda növbəti dəfə seçiciləri qəbul edib. Qeyd edək ki, hava şəraiti münasib olan günlərdə millət vəkili iş qrafikinə uyğun olaraq vətəndaşlarla görüşlərini İsmayıllının bilavasitə kədlərində keçirir.
aia.az xəbər verir ki, bu dəfəki səyyar qəbul rayonun Xankəndi kəndində baş tutub. Həmçinin yaxınlıqda yerləşən Zeyvə və Kürdüvan kəndlərinin sakinləri də görüşdə iştirak ediblər.
Tədbirin gedişində vətəndaşları narahat edən sosial yönümlü məsələlər və şəxsi müraciətlər müzakirə olunub. Novruzəli Aslanov sakinlər tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətləri qeydə alıb və onların həlli məqsədilə müvafiq addımların atılacağını bildirib.
Deputat Novruzəli Aslanovun keçirdiyi qəbulda iştirak edən kənd sakinləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya İsmayıllı rayonuna göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
