Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasında (COP31) yekun sazişin yeni layihəsi təqdim olunub.
“Reuters“ xəbər verir ki, Türkiyə və Avstraliyanın birgə hazırladığı sənəd iqlim dəyişikliyi ilə mübarizə üzrə beynəlxalq razılaşmanın əldə edilməsinə yönəlib.
Layihədə qlobal temperatur artımının 1,5 dərəcə Selsi həddini keçə biləcəyi qəbul edilir və karbon emissiyalarının atmosferdən çıxarılması texnologiyalarının inkişafının sürətləndirilməsi nəzərdə tutulur.
Bununla belə, sənəddə neft, qaz və kömürdən istifadənin mərhələli şəkildə dayandırılması ilə bağlı birbaşa müddəa yer almayıb. Əvəzində, qalıq yanacaqlardan uzaqlaşmağı nəzərdə tutan əvvəlki beynəlxalq razılaşmaya istinad edilib.
COP31-in prezidenti, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum bildirib ki, təqdim olunan layihənin bütün tərəflər üçün məqbul olacağına ümid edilir.
Onun sözlərinə görə, sənədin razılaşdırılması məqsədilə danışıqlar davam etdirilir.
Qeyd edək ki, COP31-in noyabrın 20-də başa çatması nəzərdə tutulsa da, iştirakçı ölkələr arasında fikir ayrılıqları səbəbindən müzakirələr uzadılıb.
.
