Rusiya xarici işlər naziri Sergey Lavrov Pekində çinli həmkarı Van İ ilə görüşüb.

Nazirlər görüşün protokol hissəsində Ukrayna ətrafındakı vəziyyəti və Yaxın Şərqdəki hadisələri də müzakirə edəcəklərini bildiriblər.

Lavrov avropalıların Ukraynanın iştirakı ilə yeni aqressiv blok yaratmağı və onu Moskvaya qarşı yönəltməyi planlaşdırdıqlarını deyib.

O vurğulayıb ki, Qərb Tayvan ətrafında və Koreya yarımadasında vəziyyəti gərginləşdirir.

Lavrov Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpin arasında qarşıdan gələn təmaslar üçün konkret planların olduğunu bildirib. O qeyd edib ki, Rusiya və Çin Si Cinpinin qlobal təhlükəsizlik təşəbbüslərinə və Putinin Avrasiya təhlükəsizlik arxitekturası yaratmaq ideyasına uyğun olaraq konkret addımları müzakirə etməyi planlaşdırırlar.

Van İ isə çıxışında Rusiya-Çin əməkdaşlığının gücləndiyini qeyd edib. Onun sözlərinə görə, Rusiya və Çin beynəlxalq münasibətlərdə mövqelərini tam şəkildə koordinasiya edir və bir-birini dəstəkləyir: "Moskva və Pekin bu tarixi fürsətdən istifadə etməli və strateji əməkdaşlığını yeni səviyyəyə qaldırmalıdırlar".

.