Bu gün ABŞ Prezidenti Donald Tramp üçün İrana qarşı hərbi əməliyyatların yenidən başlanmasının potensial ssenariləri mövzusunda xüsusi brifinq keçiriləcək.
Bu barədə “Axios” portalı öz mənbələrinə istinadən məlumat yayıb.
Brifinqi ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuperin keçirəcəyi bildirilir.
“Bu brifinq Trampın danışıqlar prosesindəki çıxılmaz vəziyyətə son qoymaq və ya müharibəni başa çatdırmazdan əvvəl son zərbəni endirmək məqsədilə genişmiqyaslı hərbi əməliyyatların yenidən başlanması ehtimalını ciddi şəkildə nəzərdən keçirdiyinə işarə edir”, - məlumatda deyilir.
Mənbələrin bildirdiyinə görə, Pentaqon danışıqlar prosesindəki mövcud vəziyyəti aradan qaldırmaq ümidilə İrana qısamüddətli və güclü zərbənin endirilməsi planını hazırlayıb. ABŞ tərəfi bu hücumlardan sonra İran rəhbərliyinə təzyiq göstərərək onun danışıqlar masasına qayıtmasını və daha çevik mövqe nümayiş etdirməsini təmin etməyi planlaşdırır.
ABŞ prezidentinə təqdim ediləcək digər ssenari Hörmüz boğazının bir hissəsinin ələ keçirilməsini, bununla da bu su arteriyasının ticarət gəmiçiliyi üçün açılmasını nəzərdə tutur. Belə bir əməliyyata quru qoşunlarının da cəlb edilə biləcəyi bildirilir.
Daha bir variant isə İranın yüksək zənginləşdirilmiş nüvə ehtiyatlarının ələ keçirilməsi üçün xüsusi təyinatlıların iştirakı ilə əməliyyatın keçirilməsini nəzərdə tutur.
Brifinqdə ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri Den Keynin də iştirak edəcəyi gözlənilir.
.
