Xəbər verdiyimiz kimi, tütündən hazırlanan siqaretə alternativ olan digər tütün məmulatları üzrə də aksiz vergilərinin artırılmasına dair təkliflər Milli Məclisin bugünkü plenar iclasında üçüncü oxunuşda qəbul edilib.

“Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər 16 qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsinə üçüncü oxunuşda təklif olunan dəyişikliklərin detalları bəlli olub.

Alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsullar

Bu məhsullar üzrə aksizin 1000 ədədə yerli istehsal və idxalda 16 manatdan 25.5 manata qaldırılması təklif edilir.

Bu məhsullar (IQOS, Glo, Ploom və s. ticarət nişanlı məhsullar) mahiyyət etibarilə siqaretlə eynilik təşkil edir, ölkədə istehsalı yoxdur və 2025-ci ilin 10 ayı ərzində idxal həcmi 183 845 min ədəd, dəyəri isə 18 280 000 manat təşkil edib.

İstehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər

Bu məhsullar üzrə aksizin hər kiloqrama görə yerli istehsalda 22 manatdan 162 manata, idxalda isə 30 manatdan 170 manata qaldırılması təklif edilir.

Yeni dərəcələr təklif edilərkən istehsal edilən siqaretlərin hər ədədi üçün istifadə olunan tütünün çəkisi əsas götürülüb.

Belə ki, bir ədəd nazik ölçülü siqaret çubuğu (stick) üçün təxminən 0.34 qram tütün istifadə olunur (müvafiq olaraq 1000 ədəd siqaret üçün təxminən 340 qram). 2026-cı ildə 1000 ədəd yerli istehsal olunan siqaret üçün aksiz dərəcəsinin 55 manat olacağını nəzərə aldıqda 1 kq istifadə olunan tütündən istifadə edildikdə hesablanan aksiz vergisi orta hesabla 162 (1000/340*55) manat təşkil edir.

Məhz bu hesablama məntiqi ilə hər iki məhsul üzrə aksiz vergilərinin mahiyyət etibarilə bərabərləşdirilməsi hədəflənir.

Yerli istehsalı mövcud deyil və 2025-ci ilin 10 ayı ərzində idxal həcmi 2 min kiloqram, dəyəri isə 290 min manat təşkil edib.

.