Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ-nin Qəzza üzrə Sülh Şurasına qoşulmaq təklifini qəbul edib.
Bu barədə Belarus Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, ABŞ Prezidenti Donald Trampın Aleksandr Lukaşenkoya təklifində Belarusa Qəzza sektorunun idarə edilməsi üzrə Sülh Şurasının təsisçi dövləti olmaq təklif edilib.
"ABŞ tərəfinin Belarusu möhkəm sülh qurmaq üçün məsuliyyət götürməyə, gələcək nəsillər üçün təhlükəsiz və firavan gələcəyə sərmayə qoymağa hazır olan dövlət kimi görməsini yüksək qiymətləndiririk. Təklif Belarus Prezidenti tərəfindən müsbət qarşılanıb", - XİN qeyd edib.
Belarus XİN ümid edir ki, Sülh Şurası təklif olunan mandatın sərhədlərini aşaraq öz çərçivəsini və səlahiyyətlərini xeyli genişləndirəcək:
"Bu, ona istənilən beynəlxalq münaqişələrin tənzimlənməsi üzrə qlobal proseslərdə fəal iştirak etməyə imkan verəcək, bu da son nəticədə yeni təhlükəsizlik arxitekturasının qurulmasına kömək edəcək".
.
