Azərbaycanda 2100-dən çox Rusiya kapitallı şirkət qeydiyyatdan keçib.
Bunu Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev Zəngilan şəhərində keçirilən Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökümətlərarası Komissiyanın 24-cü iclasında çıxışı zamanı deyib.
“İnvestisiya əməkdaşlığında müsbət dinamikanı məmnunluqla qeyd edirik. Rusiya investisiyalarının Azərbaycanın iqtisadiyyatına yönəldilmiş ümumi həcmi 10,7 milyard dollar təşkil edir ki, bunun da 2,9 milyard dolları qeyri-neft sektorunun payına düşür”, - o bildirib.
Baş nazirin müavini qeyd edib ki, 2026-cı il aprelin 1-nə olan məlumata əsasən, Azərbaycanda Rusiya kapitallı 2100-dən çox kommersiya qurumu qeydiyyatdan keçib və onların 1400-dən çoxu aktiv fəaliyyət göstərir.
Şahin Mustafayev vurğulayıb ki, bu şirkətlər sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət və xidmət sahələri daxil olmaqla iqtisadiyyatın əsas sektorlarında təmsil olunurlar.
Baş nazirin müavini əlavə edib ki, Azərbaycanda rusiyalı investorların səmərəli və rahat fəaliyyəti üçün bütün zəruri şərait yaradılıb: “Biz Rusiya şirkətlərini azad edilmiş ərazilərdə həyata keçirilən investisiya layihələrində daha fəal iştirak etməyə çağırırıq. Bu ərazilərdə 10 il müddətinə xüsusi vergi rejimi tətbiq olunur ki, bu da mənfəət, əmlak, torpaq və sadələşdirilmiş vergilərdən azadolmanı, həmçinin texnika, avadanlıq və xammalın idxalı üzrə ƏDV və gömrük rüsumlarından azadolmanı nəzərdə tutur. Bundan əlavə, məcburi sosial sığorta üzrə də güzəştlər tətbiq edilir”.
.
