Azərbaycan və Özbəkistanın ümumi ixrac potensialı 1,15 milyard ABŞ dollarını ötür ki, bu da qarşılıqlı ticarət dövriyyəsinin nəzərdə tutulan 1 milyard ABŞ dolları səviyyəsinə qədər artırılması üçün möhkəm zəmin yaradır.
Bunu Özbəkistanın Proqressiv İslahatlar Mərkəzinin (CPR) icraçı direktoru və həmtəsisçisi Mirşoxid Aslanov "Azərbaycan-Özbəkistan biznes-barometri"nin təqdimatında bildirib.
Onun sözlərinə görə, bu mərkəzin CASPIA ilə birgə "ITC Trade Map" məlumatları əsasında apardığı tədqiqat 43-dən çox mal kateqoriyası üzrə qarşılıqlı tədarüklərin genişləndirilməsinin əhəmiyyətli potensialını aşkar edib.
Xüsusilə, Azərbaycanın Özbəkistan bazarında reallaşdırılmamış ixrac potensialı 22 əsas mal mövqeyi üzrə təxminən 650 milyon ABŞ dolları dəyərində qiymətləndirilir. Ən perspektivli istiqamətlər 126 milyon ABŞ dolları dəyərində polipropilen, 65 milyon dollarlıq fındıq, 55 milyon dollarlıq polietilen, 47 milyon dollarlıq alüminium və 40 milyon dollarlıq mineral su tədarüküdür.
Bundan əlavə, Azərbaycandan ixrac üçün siqaretlər - 35 milyon ABŞ dolları, alma və armud - 34 milyon ABŞ dolları, şəkər - 29 milyon ABŞ dolları, kartof - 28 milyon ABŞ dolları, alüminium təbəqələr - 23 milyon ABŞ dolları, polad çubuqlar - 21 milyon ABŞ dolları, kərə yağı - 21 milyon ABŞ dolları, həmçinin tıxaclar və qapaqlar - 16 milyon ABŞ dolları perspektivli hesab edilib.
Özbəkistanın Azərbaycan bazarındakı ixrac potensialı isə ölkənin ixtisaslaşmış ixracatçı kimi çıxış etdiyi 21 mal mövqeyi üzrə təxminən 500 milyon ABŞ dolları səviyyəsində qiymətləndirilir.
Özbəkistanlı tədarükçülər üçün ən böyük imkanlar 83 milyon ABŞ dolları dəyərində polietilen, 65 milyon dollarlıq mineral su, 35 milyon dollarlıq trikotaj köynəklər, 29 milyon dollarlıq azot gübrələri, hər biri 24 milyon dollar olmaqla keramik plitələr və avtomobil banlarının ixracı ilə bağlıdır.
Siyahıya həmçinin hər biri 23 milyon ABŞ dolları olmaqla alüminium profillər və qurudulmuş qoz-fındıq, 20 milyon dollarlıq tikinti daşı, 16 milyon dollarlıq trikotaj parçalar, hər biri 13 milyon dollar olmaqla toxunmamış materiallar və mühərriklər daxildir.
.
