
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov iyulun 22-də Çexiyaya rəsmi səfərə gedəcək.
Bu barədə “Report”a diplomatik mənbə məlumat verib.
Səfər çərçivəsində iki ölkə arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi yolları müzakirə ediləcək.
Eyni zamanda, sənaye və ticarət sahələrində qarşılıqlı əlaqələrin genişləndirilməsi perspektivlərinin nəzərdən keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, ötən həftə Azərbaycana Çexiya nümayəndə heyəti səfər edib. İkitərəfli görüşlər zamanı tərəflər iqtisadi əməkdaşlıq, nəqliyyat infrastrukturunun inkişafı məsələləri barədə fikir mübadiləsi aparılıb, həmçinin ümumi prioritetlər müzakirə olunub. Qarşılıqlı faydalı və davamlı tərəfdaşlıq üçün əhəmiyyətli potensialın mövcudluğu vurğulanıb.
Xatırladaq ki, Azərbaycan və Çexiya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Qarışıq Komissiyanın 5-ci iclası 2023-cü il martın 3-də Praqada keçirilib.
Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-iyun aylarında iki ölkə arasında ticarət dövriyyəsi 484,94 milyon ABŞ dolları təşkil edib ki, bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 6,23 % azdır. Bu zaman Azərbaycandan ixrac 450,76 milyon ABŞ dolları (-8,41 %), idxal isə 34,19 milyon ABŞ dolları (+36,69 %) təşkil edib.
2024-cü ilin yekunları üzrə Azərbaycan və Çexiya arasında ümumi ticarət dövriyyəsi 1,153 milyard ABŞ dollarına çatıb ki, bu isə əvvəlki illə müqayisədə 50,31 % artım deməkdir.
.