Azərbaycan-Türkiyə ticarət dövriyyəsi 15 mlrd. dollara çatdırılacaq

“Şuşa Bəyannaməsini parlamentlərimiz ratifikasiya ediblər. Biz Şuşa Bəyannaməsi ilə tarixi addım atdıq”.

Bunu bu gün xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra keçirilən brifinqdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Çavuşoğlu deyib ki, Şuşa Bəyannaməsi müxtəlif istiqamətləri əhatə edir və bu istiqamətlərdə birgə çalışırlar: “Ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması hədəf qoyulub. Sərbəst ticarət anlaşması ilə bağlı müzakirələrə başlamağımız da önəmlidir. Bu istiqamətdə də çalışacağıq”.

Çavuşoğlu: “Antalya Diplomatik Forumuna Ermənistanı da dəvət etmişik”

“Antalya Diplomatik Forumuna Azərbaycandan geniş nümayəndə heyəti qatılacaq ”.

Bunu bu gün xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra keçirilən brifinqdə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

M.Çavuşoğlu deyib ki, Antalya Diplomatik Forumuna beynəlxalq təşkilatların nümayəndələri qatılacaq: “Ermənistanı, Yunanıstanı, Cənubi Kipri də dəvət etmişik. Bu, açıq platformadır. İnanıram ki, Azərbaycanın da Diplomatik Foruma böyük faydası olacaq”.

Türkiyə Ermənistanla münasibətlərin normallaşdırılmasını Azərbaycanla koordinasiya edir

“Azərbaycanın Ermənistanla əhatəli sülh razılaşmasını imzalamaq təklifini dəstəkləyirik”.

Bunu bu gün xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra keçirilən brifinqdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Çavuşoğlu deyib ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması ilə bağlı fəaliyyət Azərbaycanla koordinasiya edilir: “Bundan sonra da bu koordinasiya davam etməlidir. Zəngəzur dəhlizinin reallaşması da önəmlidir”.

Türkiyə XİN başçısı qeyd edib ki, Azərbaycan və Türkiyənin iştirak etdiyi üçlü və dördlü formatlarda görüşlər bu il də keçiriləcək.

Azərbaycan Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyir

“44 günlük savaş və Azərbaycanın Zəfəri bölgədə yeni reallıq yaradıb”.

Bunu bu gün Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov bildirib.

C. Bayramov deyib ki, artıq normallaşma ilə bağlı dialoqu başlamaq mümkündür: “Azərbaycan Türkiyənin Ermənistanla münasibətlərinin normallaşmasını dəstəkləyib və dəstəkləyir. Bu, Ermənistan üçün bir fürsət, bu, bir imkandır. Azərbaycan və Türkiyənin mövqeyi beynəlxalq prinsiplərə əsaslanır. Bu istiqamətdə Azərbaycan və Türkiyə arasında tam koordinasiya mövcuddur. Azərbaycan və Türkiyə arasındakı müttəfiqlik münasibətləri hansısa üçüncü ölkəyə qarşı yönəlməyib. Nə vaxt Ermənistan rəhbərliyi, cəmiyyəti başa düşəcək ki, Azərbaycan və Türkiyə üçün yaxşı olan Ermənistan üçün pis anlama gəlməyəcək, o vaxt münasibətlər inkişaf edəcək”.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu nəzərə çatdırıb ki, Türkiyə və Ermənistan xüsusi nümayəndələri iki dəfə görüşüblər: “Azərbaycan və Türkiyənin məqsədi yaxşı qonşuluq və münasibətlərin inkişafıdır. Azərbaycan və Türkiyə bu istiqamətdə koordinasiyalı fəaliyyətini davam etdirəcək”.

.