"Kimliyimizi, dövlətçiliyimizi, müstəqilliyimizi və həyat tərzimizi qorumaq üçün qətiyyətli olmalıyıq".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında bildirib.
“Yaşamaq məcburiyyətində qaldığımız sistemlərin heç biri milli hisslərimizi və dövlətçilik düşüncəmizi boğa bilmədi. Məhz buna görə də Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, yeri gəlmişkən, bu ay müstəqilliyimizin bərpasının 35-ci ildönümünü qeyd etdik, öz taleyimizin sahibi olduq. Bu gün qonaqların Bakıda və Azərbaycanın digər bölgələrində gördükləri, əsasən, müstəqillik dövründə, öz taleyimizin sahibi olduğumuz zaman yaradılıb. Məhz bundan sonra biz bütün dünyaya nələrə nail ola biləcəyimizi nümayiş etdirdik. Digər mühüm nailiyyətlərimizdən biri də budur ki, müstəqillik illərində biz yalnız ənənələrimizi və həyat tərzimizi qoruyub saxlamaqla kifayətlənmədik, eyni zamanda onları daha da möhkəmləndirdik. Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlərdə birliyini nümayiş etdirir. Dəfələrlə qeyd etdiyim kimi, Azərbaycanda heç bir daxili riskimiz yoxdur. Bütün potensial risklər sərhədlərimizdən kənardan qaynaqlanır. İdeoloji risklər də fiziki risklər qədər təhlükəlidir. Buna görə də biz daim ayıq-sayıq olmalıyıq. Kimliyimizi, dövlətçiliyimizi, müstəqilliyimizi və həyat tərzimizi qorumaq üçün qətiyyətli olmalıyıq”, - dövlət başçısı qeyd edib.
.
