İşğaldan azad olunmuş ərazilərdə innovativ kənd təsərrüfatı modellərinin tətbiq olunması, dağ-mədən sənayesinin innovativ texnologiyalar əsasında inkişaf etdirilməsi, müasir texnologiyalara əsaslanan nəqliyyat-loqistika sisteminin qurulması, bərpa olunan enerjidən, yəni günəş, külək, su enerjisindən istifadə etməklə ekoloji tarazlığın təmin edilməsi, müasir tələblərə cavab verən mütəxəssislərin hazırlanması və yenidən hazırlanması innovativ iqtisadi inkişafın əsas istiqamətlərindəndir.

Bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov “İşğaldan azad olunmuş ərazilərin innovativ inkişaf imkanları” mövzusunda keçirilən konfrans zamanı deyib.

O qeyd edib ki, müasir innovativ inkişafın qarşısında rəqəmsal inkişafa keçidin sürətləndirilməsi, müasir infrastrukturun genişləndirilməsi kimi ciddi vəzifələr dayanır.

“Yaxın gələcəkdə azad edilən ərazilərdə bərpaolunan enerji mənbələrindən istifadə etməklə həmin ərazilərin yaşıl enerji zonasına çevrilməsi nəzərdə tutulub.

Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadə edilməsi təmiz ətraf mühitin formalaşdırılmasına öz töhfəsini verəcək. Həmçinin onu da qeyd etməliyəm ki, azad edilən ərazilərdə müasir elektrik şəbəkələri qurulur”,- deyə o bildirib

Gələn ildən azad olunmuş ərazilərdə yaşayıb-işləyəcək bu şəxslərə vergi güzəştləri olacaq

Gələn ildən başlayaraq, işğaldan azad olunmuş ərazilərdə yaşayıb-işləyəcək Vətən müharibəsi iştirakçılarına, şəhid ailəsi və əlil statusu almış şəxslərə bir sıra vergi güzəştləri veriləcək.

Bunu işğaldan azad olunmuş ərazilərin innovativ iqtisadi inkişaf imkanları mövzusunda elmi-praktik konfransda İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov deyib.

Nazir müavini həmçinin qeyd edib ki, işğaldan azad olunmuş ərazilərin iqtisadiyyatında kənd təsərrüfatı məhsullarının istehsalı kifayət qədər böyük çəkiyə malikdir və hazırda kənd təsərrüfatı məhsullarının istehsalı torpaq vergisi istisna olunmaqla bütün vergilərdən azaddır.

"Əlavə olaraq 2022-ci il yanvar ayının 1-dən 3 il müddətinə kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı zamanı ƏDV-nin ticarət əlavəsindən hesablanması, habelə kənd təsərrüfatı texnikalarının operativ lizinqə verilməsi və kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı aqrotexniki xidmətlər də ƏDV-dən azad ediləcək", - S.Ələkbərov deyib.

Nazir müavini əlavə edib ki, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərəcək sahibkarlıq subyektlərinə (o cümlədən kiçik və orta sahibkarlara) vergi güzəştləri və tətillərinin, habelə sosial sığorta üzrə güzəştlərin verilməsi ilə bağlı təkliflər hazırlanır:

"İşğaldan azad edilmiş ərazilərdə iqtisadi canlanmanın sürətləndirilməsini və investisiya cəlbediciliyinin artırılmasını, optimal güzəştlərin hazırlanmasını və sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün əlverişli şəraitin yaradılmasını əhatə edən layihələr üzərində işlər davam etdirilir”, - deyə o bildirib.

Qarabağda innovativ maliyyə-bank xidmətlərinin yaradılmasına start verilib

İşğaldan azad olunmuş ərazilərdə innovativ maliyyə-bank xidmətlərinin yaradılması işlərinə start verilib.

Bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov "İşğaldan azad edilmiş ərazilərin innovativ iqtisadi inkişaf imkanları" mövzusunda elmi-praktiki konfransda çıxışı zamanı deyib.

O bildirib ki, 30 il öz doğma torpaqlarını görmək arzusu ilə yaşayan insanların yurd-yuvalarına qaytarılması üçün ciddi işlər aparılır.

"Lakin təbiidir ki, bu istiqamətdə görüləsi işlərimiz daha çoxdur və hər birimiz elə etməliyik ki, bütün sahələrdə innovativliyi təmin etməklə həyata keçirdiyimiz işlərin səmərəliliyini artıraq, daha yüksək nəticələrə nail olaq", - nazir müavini qeyd edib.

Azad olunmuş ərazilərdəki sənaye parklarında yalnız innovativ texnologiyalara əsaslanan sənaye sahələri fəaliyyət göstərəcək 

Sənaye parklarında yalnız innovativ texnologiyalara əsaslanan sənaye sahələri fəaliyyət göstərəcək.

Bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov “İşğaldan azad olunmuş ərazilərin innovativ inkişaf imkanları” mövzusunda keçirilən konfrans zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 4 oktyabr tarixli Fərmanı ilə Cəbrayıl rayonu ərazisində daha bir park - “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb.

"Şərqi Zəngəzur iqtisadi rayonunun Arazboyu ərazisinin əsasən düzənlik relyefə və həmin bölgənin cənub istiqamətində giriş qapısı mövqeyinə malik olması bu sənaye parkının yaradılması üçün əlverişli şəraiti təmin edir. Cəbrayıl rayonunda logistika mərkəzinin, müxtəlif xidmət və innovativ sənaye sahələrinin, o cümlədən tikinti materialları istehsalı müəssisələrinin yaradılması işğaldan azad edilmiş digər rayonların da bərpasında faydalı olacaqdır", - deyə nazir müavini qeyd edib.

S.Ələkbərov bildirib ki, bu ərazilərdə logistika və ticarət fəaliyyətinin həyata keçirilməsi, xidmətlərin göstərilməsi, sənaye istehsalının dəstəklənməsi əhalinin dayanıqlı məşğulluğunun təmin edilməsi üçün də yeni imkanlar yaradacaq.

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı 200 hektar ərazini əhatə edir. Sənaye parkı ərazisinin bir hissəsi artıq mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Bu Parkda artıq “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin təməli qoyulmuşdur. Təməlqoyma mərasimində ölkə başçısı cənab İlham Əliyev şəxsən iştirak edib. Regional servis mərkəzində “KamAZ” ilə yanaşı, digər yük avtomobilləri, eləcə də kənd təsərrüfatı texnikalarına, o cümlədən traktor və kombaynlara texniki servis xidməti göstəriləcək.

Gələcəkdə Sənaye Parkında logistika və anbar kompleksləri, TİR parkı, topdan və pərakəndə satış obyektləri, müxtəlif istehsal və xidmət müəssisələrinin də yaradılması nəzərdə tutulur. Təbiidir ki, bu Sənaye Parklarında yalnız innovativ texnologiyalara əsaslanan sənaye sahələri fəaliyyət göstərəcəklər. Onlara böyük güzəştlər, o cümlədən vergi güzəştlərinin verilməsi nəzərdə tutulur", - deyə o bildirib.

Ağdam Sənaye Parkına investorların cəlbi üçün 4 müəssisə ilə danışıqlar başa çatmaq üzrədir 

İnnovativ iqtisadi inkişafı təmin etmək üçün geniş imkanları olan sahələrdən biri də Sənaye Parklarının yaradılmasıdır.

Bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov “İşğaldan azad olunmuş ərazilərin innovativ inkişaf imkanları” mövzusunda keçirilən konfrans zamanı deyib.

S.Ələbərov bildirib ki, əlverişli coğrafi mövqeyi, dayanıqlı inkişaf imkanları, gələcəkdə yük axınlarının istiqamətləri və digər mühüm logistika potensialının mövcudluğu nəzərə alınaraq, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 28 may tarixli Fərmanına əsasən Ağdam Sənaye Parkı yaradılıb.

"Ağdam şəhərində 190 hektar ərazidə yerləşəcək Parkın birinci mərhələsini əhatə edən 76 hektar sahə artıq mina və partlamamış hərbi sursatlardan təmizlənmişdir.
Bir neçə gün əvvəl İqtisadiyyat naziri cənab Mikayıl Cabbarov mətbuata açıqlama verdi ki, Ağdam Sənaye Parkında sosial zonanın təşkili yekunlaşıb. Burada rezidentlər üçün konteyner tipli ofis, yataqxana, tibb məntəqəsi, aptek, mağaza və yeməkxana yaradılıb, əraziyə asfalt yol, su xətti çəkilib, işıqlandırmada günəş enerjisindən qidalanan panellərdən istifadə edilir.

Layihələndirmə işləri və potensial investorların cəlb olunması istiqamətində 4 müəssisə ilə aparılan danışıqlar başa çatmaq üzrədir", - deyə S.Ələkbərov bildirib.

.