
Avropada Rusiya ilə əlaqəli iki neft emalı zavodunda yanğın və partlayış baş verib.
Yenizaman “RBK Ukraina”ya istinadən xəbər verir ki, hadisələr Macarıstan və Rumıniyada yerləşən neft emalı zavodlarında qeydə alınıb.
Macarıstanın “Magyar Nemzet” nəşrinin məlumatına görə, Şazxalombatta şəhərində yerləşən və ölkənin ən böyük neft emalı müəssisəsi olan MOL zavodunda güclü yanğın baş verib. Bu zavod həm də Rusiya mənşəli xam neftlə fəaliyyət göstərir. Yanğının səbəbi və iqtisadi itkilərin miqyası barədə hələlik rəsmi məlumat verilməyib. Hadisə ilə bağlı araşdırmalar davam edir.
"Digi24" xəbər portalının məlumatına görə isə Rumıniyada “Lukoil”ə məxsus “Petrotel Lukoil” zavodunda təmir işləri zamanı partlayış olub. Partlayış zamanı bir nəfər xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.
.