Avropa Komissiyası islahatların və iqtisadi artımın dəstəklənməsi proqramı çərçivəsində Moldovaya 189 milyon avro ayırıb.
Bu barədə Avropa Komissiyasının məlumatında bildirilib.
Vəsaitlər Moldovanın Avropaya inteqrasiya üzrə 24 islahatı həyata keçirməsindən sonra ayrılıb.
Ayrılmış ümumi məbləğdən 173 milyon avro birbaşa dövlət büdcəsinə daxil olacaq, daha 16 milyon avro isə Qonşuluq İnvestisiya Platforması vasitəsilə layihələrə yönəldiləcək. Bu tranş nəzərə alınmaqla Avropa Komissiyasının 2025-ci ildə Moldovaya göstərdiyi yardımın ümumi həcmi artıq 289 milyon avroya çatıb.
"Moldova yenidən Avropa İttifaqı (Aİ) qarşısında öhdəliklərini yerinə yetirib. Həyata keçirilən islahatlar real faydalar gətirir. Bizim vəsaitlərimiz birbaşa Moldova vətəndaşlarını dəstəkləyəcək və ölkənin Aİ-yə doğru yolunu davam etdirməsinə töhfə verəcək", - Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos deyib.
Qeyd olunub ki, Moldova tərəfindən həyata keçirilən əsas islahatlar kibertəhlükəsizliyin və fövqəladə hallara reaksiya sistemlərinin gücləndirilməsinə, dövlət xidmətlərinin rəqəmsallaşdırılmasının inkişafına, büdcə şəffaflığının artırılmasına, məhkəmə sisteminin gücləndirilməsinə və s. yönəldilib.
.
