“Zəngilan Beynəlxalq Hava Limanı 2 mərhələdə istismara veriləcək”.

Bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Hava Yolları" QSC-nin nümayəndəsi Valeh Əmiraslanov deyib.

O bildirib ki, ilk olaraq uçuş-enmə zolağı və hava gəmilərinin idarə edilməsi qülləsi iyulda istismara veriləcək: “Hava limanı saatda 200 sərnişinin uçması üçün nəzərdə tutulub. Avqust ayında ikinci mərhələdə isə hava limanında işlər bütövlükdə tamamlanacaq. Burada uçuş kütləsi 400 ton olan sərnişin və yük təyyarələrinin qəbulu mümkündür”.

Valeh Əmiraslanovun sözlərinə görə, tikinti işlərinə 2021-ci ilin aprelin 26-da başlanılıb, may ayında isə ANAMA tərəfindən ərazinin minalardan və PHS-dan təmizlənməsinə start verilib: “Paralel olaraq təmizlənmiş ərazidə "AzVirt" şirkəti tərəfindən uzunluğu 3 kilometr, 60 metr olan uçuş-enmə zolağının torpaq qatının qazıntısı aparılıb. Sahəsi 60 min kvadrat metr olan və 8 hava gəmisi üçün nəzərdə tutulan perronda uzunluğu 600 metr olan sükan yolunun tikintisinə başlanılıb. Bu müddət ərzində paralel olaraq sahəsi 5 min kv. metr olan terminal binasının dəmir-beton konstruksiyası işləri görülüb. Artıq dəmir-beton konstruksiya işləri tamamlanıb, dam örtüyünün bağlanması üzrə iş gedir. İşin 80 faizi yerinə yetirilib və yaxın günlərdə bu işlər də yekunlaşacaq”.

Nümayəndə onu da qeyd edib ki, hava limanının elektrik enerjisi ilə təmin olunması üçün uzunluğu 10 kilometr olan 35 kVt/saatlıq hava xətti çəkilib, gücü 1000 kVt/saat olan yarımstansiyasının inşası başa çatdırılıb: “Fasiləsiz elektrik enerjisinin təmin olunması üçün gücü 1000 kVt/saat olan generator alınıb. Bütün avadanlıqlar Türkiyə, Almaniya və İtaliya istehsalıdır. Hazırda terminal binasının daxilində elektrik, mexanik, arakəsmə divarlarının inşası, memarlıq işləri həyata keçirilir. Hava limanının istiliklə təchiz edilməsi üçün qazanxana binası inşa olunub. Dərinliyi 250 metr olan artezian qazılıb. Uçuş-enmə zolağında gecə uçuşlarının təmin edilməsi üçün transformator binalarının tikintisi yerinə yetirilir. Onlar da iyun ayında istismara veriləcək. Uçuş-enmə zolağında 2 kilometr uzunluğunda 45 metr enində iri fraksiyalı asfalt örtüyü tam yerinə yetirilib. İşlər davam etdirilir. Hazırda aeronaviqasiya üçün nəzərdə tutulan qurğular arasında elektrik və rabitə xəttinin çəkilməsi prosesi yerinə yetirilir”.

.