Azərbaycan Mərkəzi Bankının (AMB) 2018-ci ildə həyata keçirdiyi pul-kredit siyasəti milli iqtisadiyyatda qiymətlər sabitliyinə, aşağı və stabil inflyasiyanın təmin edilməsi vasitəsilə əhalinin yaşayışı və işgüzar fəaliyyət üçün əlverişli sosial-iqtisadi mühitin formalaşmasına yönəlib.

Bu barədə AMB-nin 2019-cu il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında qeyd edilib.

Bəyanatda qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi altında 2018-ci ildə ölkədə makroiqtisadi sabitliyin dayanıqlığının artırılması istiqamətində əhəmiyyətli işlər görülüb. İnflyasiya aşağı birrəqəmli səviyyədə sabitləşib, iqtisadi artım davam edib, milli valyutanın məzənnəsi dayanıqlı olub, ölkənin strateji valyuta ehtiyatları artmaqda davam edib.

"Formalaşdırılmış makroiqtisadi proqnozlar əsasında 2019-cu ildə və ortamüddətli dövrdə də pul-kredit siyasəti aşağı və sabit inflyasiya əsaslı dayanıqlı sosial-iqtisadi mühitin formalaşmasına, bu əsasda iqtisadi artımın daha da sürətləndirilməsinə yönəldiləcək. Eyni zamanda, pul siyasəti rejiminin optimallaşdırılması, onun strateji və əməliyyat çərçivəsinin təkmilləşdirilməsi, inflyasiya gözləntilərinin azaldılması, həyata keçirilən pul-kredit siyasətinə etibarın artırılması, informasiya açıqlığının yüksəldilməsi həyata keçiriləcək pul-kredit siyasətinin əsas məqsədlərindən olacaq”, - deyə bəyanatda vurğylanıb.

Manatın ikitərəfli məzənnəsinin dinamikası növbəti ildə də aşağı inflyasiyanın vacib şərtlərindən biri olacaq.

Bu barədə də AMB-nin 2019-cu il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında göstərilir.

"Hesablamalar göstərir ki, manatın möhkəmlənməsinin qiymətlərə azaldıcı təsiri ilə müqayisədə onun ucuzlaşmasının inflyasiyaya artırıcı təsiri daha yüksəkdir. Bu baxımdan milli valyutanın məzənnəsinin dayanıqlığı qiymətlər sabitliyinin "lövbərləşməsi”nin təmin edilməsinin başlıca şərtidir”.

Bəyanatda qeyd olunub ki, valyuta bazarının tarazlığını təmin edən başlıca amil dövlətin valyuta təklifi ilə iqtisadiyyatın valyutaya olan tələbinin əsas komponentləri arasındakı tarazlıq olacaq.

"Valyuta tələbi dövlət xərclərindən təsirlənən idxal dinamikası, xarici borc axınları və kapital hesabının saldosu, habelə beynəlxalq konyunkturun dolayı effektlərindən təsirlənəcək. Manatın məzənnəsinin uzunmüddətli meylini məhz bu makroiqtisadi amillər müəyyən edir.”

Pul təklifi iqtisadi artım və inflyasiya proqnozları, habelə maliyyə bazarlarında proseslər və bank sisteminin likvidlik mövqeyi nəzərə alınmaqla tənzimlənəcək.

Buda Azərbaycan Mərkəzi Bankının 2019-cu il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında qeyd edilib.

Bundan başqa, AMB ödənişlərin fasiləsizliyini, iqtisadiyyatın zəruri həcmdə likvidliyə olan tələbatını ödəməyi də diqqətdə saxlayacaq.

İnflyasiya hədəfinə nail olmaq üçün Mərkəzi Bank sərəncamındakı pul siyasəti alətlərindən makroiqtisadi vəziyyətə adekvat istifadə edəcək, bu alətlər üzrə kəmiyyət parametrləri proqnozlaşdırılan və faktiki inflyasiya arasındakı fərqdən asılı olaraq çevik dəyişdiriləcək.

Mərkəzi Bank banklar tərəfindən likvidliyin effektiv idarə edilməsinə şərait yaratmaq üçün özünün müxtəlif müddətli çərçivə və açıq bazar əməliyyatlarının yeni konfiqurasiyasını formalaşdıracaq.

"Çərçivə alətlərinə çıxış və məcburi ehtiyatların aylıq ortalama rejimində saxlanılması növbəti ildə də likvidliyin banklar tərəfindən optimal idarə edilməsinə şərait yaradacaq. Mərkəzi Bankın açıq bazar əməliyyatlarının bir hissəsi qısamüddətli, digər hissəsi isə uzunmüddətli likvidliyin tənzimlənməsinə xidmət edəcək. Mərkəzi Bank tərəfindən buraxılan qiymətli kağızların müddət çeşidinin genişləndirilməsi məsələlərinə baxılacaq. Alət konfiqurasiyasında dəyişikliklər pul siyasətinin transmissiyasında faiz kanalının rolunun güclənməsinə, pul bazarının aktivləşməsinə və gəlirlik əyrisinin formalaşmasına dəstək verəcək. Likvidliyin monitorinqi və proqnozlaşdırılması sisteminin təkmilləşdirilməsi istiqamətində işlər növbəti ildə də davam etdiriləcək”, - deyə məlumatda vurğulanıb.

AMB: İnflyasiya risklərinin aktivləşməsi halında pul siyasəti sərtləşdirilə bilər

Faiz siyasəti inflyasiya üzrə hədəfdən asılı olaraq həyata keçiriləcək.

Azərbaycan Mərkəzi Bankının (AMB) 2019-cu il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında bu haqda qeyd edilir.

Bəyanatda bildirilir ki, faiz dəhlizinin parametrləri haqda qərar ölkədə gedən makroiqtisadi proseslər, tsikl göstəricilərinin dinamikası, son proqnozlar və risklər balansında baş verən dəyişikliklər nəzərə alınmaqla qəbul ediləcək.

"İnflyasiyanın effektiv idarə olunmasından asılı olaraq monetar şəraitin normallaşdırılmasının davam etdirilməsi mümkündür. Bununla belə faiz dəhlizinin parametrləri tənzimlənərkən milli valyutada yığımların cəlbediciliyinin qorunması və kredit qoyuluşlarının inflyasiya artımına yol verilməməsi kimi amillər də nəzərə alınacaq. İnflyasiya risklərinin aktivləşməsi halında pul siyasətinin sərtləşmə istiqamətində də dəyişməsi mümkündür.”

Mərkəzi Bank iqtisadi subyektlərin inflyasiya gözləntilərinin sabitləşdirilməsinə yönəldilmiş tədbirlərini davam etdirəcək. Bunun üçün pul siyasətinin effektiv kommunikasiyası və şəffaflıq səviyyəsinin yüksəldilməsi diqqətdə saxlanılacaq. Kommunikasiya effektinin gücləndirilməsindəki rolunu nəzərə alaraq iqtisadi və maliyyə maariflənməsinin yüksəldilməsi istiqamətində tədbirlər də davam etdiriləcək.

Qeyd edək ki, 2019-cu ildə faiz dəhlizinin parametrlərinə dair qərarlar 8 dəfə olmaqla 1 fevral,15 mart, 26 aprel, 7 iyun, 26 iyul, 13 sentyabr, 25 oktyabr, 13 dekabr tarixlərində ictimaiyyətə təqdim ediləcək. Qeyd olunan tarixlərdən 1 fevral, 26 aprel, 26 iyul və 25 oktyabr tarixlərində qərarın açıqlanması mətbuat konfransı ilə müşaiyət olunacaq.

AMB: Bank sektorunun sağlamlaşdırılması yeni pul siyasəti rejiminə keçidi sürətləndirəcək

İnflyasiyanın hədəflənməsi rejiminin effektiv tətbiqi üçün zəruri şərtlərin mövcud durumu Azərbaycanda inflyasiyanın hədəflənməsi rejiminə mərhələli keçidi labüd edir. Yeni rejimə mərhələli keçid çərçivəsində pul siyasətinin alternativ lövbərinin formalaşdırılması istiqamətində səylər gücləndiriləcək.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2019-cu il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatındadeyilir.

"Qabaqcıl təcrübəyə əsasən optimal alternativ lövbər rolunu banklararası bazarda qısamüddətli faizlər oynaya bilər. Bunun üçün pul bazarının aktivləşməsi, o cümlədən qiymətli kağızlar bazarının dərinləşdirilməsi və banklararası pul bazarının inkişafına xidmət edən infrastruktur elementlərinin inkişafı istiqamətində işlər aidiyyatı orqanlarla birlikdə davam etdiriləcək. Mərkəzi Bankın pul siyasəti alətlərinin yeni konfiqurasiyası da pul bazarının aktivləşməsini dəstəkləyəcək", - deyə bəyanatda vurğulanıb.

Həmçinin bəyanatda qeyd olunub ki, bank sektorunun sağlamlaşdırılması və maliyyə vasitəçiliyinin gücləndirilməsi tədbirləri yeni pul siyasəti rejiminə keçidi sürətləndirəcək: "Ortmüddətli dövrdə makroiqtisadi siyasətin hər hansı istiqamətinin dominantlığına yol verilməməsi və fiskal qaydaların kont-tsiklik tətbiqi potensialının inkişafı, bank sektorunun sağlamlaşdırılması və maliyyə vasitəçiliyinin gücləndirilməsi tədbirləri, habelə həyata keçirilməkdə olan struktur-institusional islahatlar da yeni pul siyasəti rejiminə keçidi sürətləndirəcək”.

Bildirilir ki, ortamüddətli dövrdə aşağı, stabil və proqnozlaşdırıla bilən inflyasiya səviyyəsinin təmin edilməsi və dəstəklənməsi ölkə iqtisadiyyatının dayanıqlı artımı üçün əsas amillərdəndir. Qiymət sabitliyi iqtisadiyyatda resursların daha səmərəli bölgüsünü və iqtisadi artımın daha dayanıqlı templərlə baş verməsini dəstəkləyir: "Bir çox inkişaf etmiş ölkələr və inkişaf etməkdə olan ölkələrin təcrübəsi göstərir ki, inflyasiyanın hədəflənməsi rejimi qiymət sabitliyinin qorunması, inflyasiyanın aşağı və sabit səviyyədə saxlanılması üçün ən optimal rejimdir. Bunu nəzərə alaraq Mərkəzi Bank uzunmüddətli dövrə inflyasiyanın hədəflənməsi rejimini Azərbaycan üçün optimal pul siyasəti rejimi olaraq görür və rejimə keçid şərtlərinin reallaşdırılması istiqamətində işlər davam etdiriləcək”.

AMB-nin bəyanatın qeyd olunub ki, inflyasiyanın hədəflənməsi rejimində inflyasiya və inflyasiya gözləntiləri əsasən faiz dərəcələri vasitəsilə idarə olunur: "Bu rejimdə pul siyasətinin iqtisadiyyata transmissiyanın birinci həlqəsində mərkəzi bankın siyasət faiz dərəcəsi banklararası bazarda qısamüddətli faizlərə təsir edir. Transmissiyanın ikinci həlqəsində isə qısamüddətli faizlər pulun uzunmüddətli dəyərinə təsir göstərməklə məcmu tələbi və bu əsasda inflyasiyanı dəyişdirir".



.