İşğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində nəzərdə tutulan işlər qrafikə uyğun davam etdirilir.
Bunu Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.
Emin Hüseynov qeyd edib ki, hazırda Ağdam rayonunda Ağdam şəhərində dördüncü və beşinci yaşayış komplekslərinin tikintisi ilə bərabər Eyvazxanbəyli və Baş Qərvənd kəndlərində quruculuq işləri aparılır və ilin sonunadək təhvil verilməsi nəzərdə tutulur: “Bu, ümumilikdə 8 min nəfərin Ağdam şəhərinə qayıdışı, Eyvazxanbəyli və Baş Qərvənd kəndlərinə isə ilk mərhələdə müvafiq olaraq 427 və 851 ailənin köçürülməsi deməkdir”.
Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi deyib ki, paralel olaraq Füzuli rayonunun Dövlətyarlı və Pirəhmədli kəndlərində də bərpa-quruculuq işləri davam etdirilir: “İkinci “Ağıllı kənd” olan Dövlətyarlıda 450 ailənin, Pirəhmədlidə isə ilk mərhələdə 146 ailənin məskunlaşdırılması nəzərdə tutulur. Məqsəd hər iki kənddə tikinti və bərpa işlərini yekunlaşdıraraq sakinlərin köçürülməsini təmin etməkdir”.
