
İstədiklərimizi həyata keçirməyənə qədər heç bir qüvvə bizi buradan uzaqlaşdıra bilməz.
Bunu APA-nın əməkdaşına Şuşa-Xankəndi yolunda keçirilən dinc etiraz aksiyasında iştirak edən Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında İctimai Şuranın üzvü Arzu Əliyeva deyib.
Onun sözlərinə görə, aksiya ilk gündəki coşqu ilə davam edir. “Mən ilk gündən buradayam. Yəni artıq beşinci gündür. Buradakı ab-hava çox gözəldir, atmosfer yüksək səviyyədədir və aksiyamızın məqsədi də bəllidir: ETSN olaraq, monitorinqlərimizin keçirilməsinə icazə verilmədiyinə görə aksiya keçiririk. Heç bir halda, aksiyanı dayandırmaq fikrində deyilik. Baxmayaraq ki, bu gün bizim tələblərimizə cavab verilməsini gözləyirdik. Lakin Rusiya sülhməramlıları razılıq vermədi. Biz isə aksiyamızı daha da genişləndirdik və şüarlarımızı daha da güclü səsləndirməkdə davam edirik. Heç bir qüvvə istədiklərimizi həyata keçirməyənə qədər bizi buradan uzaqlaşdıra bilməz”.
Aksiya iştirakçısı Rusiya sülhməramlı kontingentinin fəaliyyətini tənqid edib və əlavə edib ki, onların buradan çıxarılmasına tərəfdardırlar: “Bizim öz gömrük postumuz qurulsun və özümüzə məxsus sərvətlərimiz də özümüz qoruyaq. Artıq belə şüarlar səsləndiririk. Bu yoldan bütün dünyaya daşınan Azərbaycanın sərvətləri hər kəsin gözü qabağındadır. O səbəbdən, bu yolun bağlı qalmağı eko-terrora son deməkdir. 30 ildən artıqdır talanan sərvətlərimiz öz sahiblərinə qaytarılmalıdır. Coşqunu görürsünüz. Hər kəs bu aksiyaya qatılmaqda maraqlıdır”.
Arzu Əliyeva aksiya iştirakçılarının ərzaq və digər tələbatlarının yüksək səviyyədə olduqlarını qeyd edib: “Bu, Azərbaycanın tarixi deməkdir. Bu tarixdə izini qoymuş hər kəs gələcəkdə özünü təsdiq edəcək ki, mən də orada idim. Bu, böyük bir fəxr hissidir. 44 günlük müharibədə birləşdiyimiz kimi bu aksiyada da birləşmişik. Hər kəs sevgi ilə aksiyada iştirak edir. Havaların soyuq olmasına baxmayaraq, heç kəs getmək istəmir. Təminatımız da yüksək səviyyədədir. 30 ildən sonra işğaldan azad olunmuş bu torpaqların üzərində dayanmaq bizlər üçün qürurdur”.
.