Avropa İttifaqı Ukraynaya “Drujba” neft kəmərini işə salmaq üçün texniki dəstək və maliyyə yardımı təklif edib.

Bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın birgə bəyanatında deyilir.

Bəyanata görə, 27 yanvarda Drujba kəmərinə Rusiya tərəfindən endirilən zərbələr nəticəsində Macarıstan və Slovakiyaya xam neft tədarükü dayandırılıb. Bu səbəbdən Avropa Komissiyası üzv dövlətlər və Ukrayna ilə bütün səviyyələrdə intensiv müzakirələr apararaq tədarükün bərpası üçün addımlar atıb.

“Avropa Birliyi Ukraynaya texniki dəstək və maliyyə yardımı təklif edib və Ukrayna bu təklifi qəbul edib. Avropa mütəxəssisləri artıq işə başlamağa hazırdılar”, - bəyanatda deyilir.

Vurğulanıb ki, prioritet Avropa vətəndaşları üçün enerji təhlükəsizliyinin təmin edilməsidir.

“Bu məqsədlə Rusiya mənşəli olmayan xam neftin Mərkəzi və Şərqi Avropa ölkələrinə çatdırılması üçün alternativ marşrutlar üzərində iş davam etdiriləcək”, - bəyanatda qeyd edilib.

.