Avropa Komissiyası Ukraynanın Rusiya ilə sülh razılaşması çərçivəsində Avropa İttifaqına sürətli qoşulmasını təmin edən mümkün variantları nəzərdən keçirir.
Bu barədə “Reuters“ Aİ rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, bu, Kiyevə dərhal tam üzvlük hüquqları verməyi deyil, keçid dövründən sonra “qazanılacaq” mərhələli üzvlüyü nəzərdə tutur. Bildirilib ki, bu, müharibədən sonra Avropadan təhlükəsizlik zəmanəti kimi Aİ üzvlüyü gözləyən ukraynalılara siyasi jest kimi dəyərləndirilir.
Diplomatların sözlərinə görə, ABŞ, Ukrayna və Aİ arasında müzakirə olunan 20 maddəlik sülh planında Ukraynanın 2027-ci ildə Aİ-yə üzv olması ideyası müharibədən sonra iqtisadi rifahın təmin edilməsi məqsədilə qeyd edilib. Lakin bir çox Aİ ölkəsi bu tarixi, eləcə də hər hansı konkret vaxt çərçivəsini real hesab etmir. Çünki hazırda Aİ-yə üzvlük yalnız namizəd ölkənin qanunvericiliyinin Aİ standartlarına uyğunlaşdırılması ilə əldə etdiyi irəliləyişlərə əsaslanır.
Bundan əlavə, Aİ-yə qoşulmaq üçün ittifaqa üzv 27 ölkənin parlamentlərinin təsdiqi tələb olunur.
Müzakirə olunan variantda Ukrayna və potensial olaraq digər namizəd ölkələr əvvəlcə Aİ-yə sürətli şəkildə qoşula, daha sonra isə islahatların gedişinə uyğun olaraq səsvermə hüquqları da daxil olmaqla, tam üzvlük səlahiyyətlərinə mərhələli şəkildə çıxış əldə edə bilər.
.
